Sual: Bir insan Cümə namazını tərk edə bilər? Yəni, hansı hallarda Cümə namazına getməyə bilər? Misal üçün, bir müəllim Cümə namazı vaxtı dərsə girirsə, namazı tərk edə bilər?
Cavab: Qurani-Kərimdə Cümə namazı ilə əlaqədar ayədə belə deyilir:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)
Qurani-Kərimdə heç bir namaz haqqında: “Daha yaxşıdır, daha xeyirlidir”, – deyilmir. Çünki 5 vaxt namaz hər bir halda qılınmalıdır. Lakin Cümə namazını bəzi hallarda qılmamaq olar. Abdulla ibn Abbas (r. a.) yağışlı bir gündə müəzzinə dedi ki, azan oxuduğun vaxt: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”, – dedikdən sonra: “Hayyə Alə-s-Saləəh”, – demə. De ki, namazlarınızı evlərinizdə qılın.
İnsanlar Abdulla ibn Abbasın bu hərəkətini qəribsədilər. O da bunun müqabilində cavab verdi ki, bunu mən yox, məndən daha yaxşı və xeyirli olan (Muhəmməd peyğəmbər) belə edib. Cümə namazını qılmaq fərz (vacib) olduğuna görə mən sizə çətinlik törətmək istəmədim. Əgər elə olsaydı, palçıqlı və sürüşkən bir yerdə yeriməli olacaqdınız. (Buxari, Cümə, 14)
Peyğəmbərin xanımı Aişə belə nəql etmişdir:
“Camaat öz yerlərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. Gəldikləri vaxt toz-torpaq içində olurdular; toz-torpağa və qan-tərə batırdılar. Onlardan elə hey tər axırdı. Peyğəmbər mənim yanımda olduğu vaxt həmin adamlardan bir nəfər gəlmişdi. Peyğəmbər buyurdu ki, kaş ki, bu gün üçün təmizlənmiş olaydınız. (Buxari, Cümə, 15)
Bu rəvayətlər göstərir ki, bəzi məcburi hallarda Cümə namazı tərk edilə bilər. Müəllimlik də bu məcburi hallardan biridir. Belə hallarda o günün günorta (zöhr) namazını qılmaq lazımdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.