Müsəlmanlar

Əməl imanın bir hissəsidir?

Sual: Əməl imandan bir cüzdür? Yeri gəlmişkən, müqayisəli kəlam dərsləri keçmək fikriniz var?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, biz əslində bu dərslərdə kəlam elminin sahəsinə daxil olan məsələlərə də toxunuruq. Məsələn, bayaq iradə mövzusunu təhlil etdik. Dərslərimizi əsasən Quranla əlaqədar məsələlər üzərində qururuq. Bir müddət müstəqil mövzulara həsr olunmuş dərslər keçdik. Amma bu, bəzi dinləyicilərə onlarda lazımi qədər məlumat olmadığı üçün çətinlik yaratdı. Odur ki, hələlik kəlama dair məsələləri Quran dərslərinin çərçivəsində müzakirə etməklə kifayətlənirik.

Əməl imandan bir cüzdürmü? Allah Təala buyurur ki, O, Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricində qalan günahları qoyduğu qayda-qanunlar daxilində bağışlayar. Bəs bir insanın bir əməli iman gətirmədiyinə görə deyil, tənbəlliyi ucbatından etməsi onu müşrik hala salarmı? Bəli. Elə isə əməl imandan bir cüz deyil. Adam öldürmək böyük bir günahdır, elə deyilmi? Nisa surəsinin 93-cü ayəsinə baxaq:

“Kim bir mömini qəsdən öldürərsə, artıq onun cəzası içində daim qalmaq üzrə Cəhənnəmdir. Allah ona qəzəb etmişdir, onu lənətləmişdir və onun üçün çox böyük bir əzab hazırlamışdır”. (Nisa, 4/93)

Burada belə bir sual yaranır: Ayədə nəzərdə tutulan şəxs kafirdir? Gəlin, Quranın Hucurat surəsinin 9-cu ayəsinə də nəzər salaq:

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa (bir-birini öldürsə), onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları – ədalətlə hərəkət edənləri sevir”. (Hucurat, 49/9-10)

Allah burada bir-birini öldürən iki dəstəni də mömin adlandırır. Yəni, onlar kafir deyillər. Allah bu işin cəzasının nə dərəcədə ağır olduğunu da əvvəlki ayədə bildirir.

Belə bir nəticə çıxır ki, əməl imandan bir cüz deyil.

Adəm peyğəmbər Allahın əmrini yerinə yetirməmişdi. O, kafir oldu? Xeyr. Bu məsələlər olduqca açıq-aşkardır. Ancaq nəyə görəsə tarix boyu çox şey olub və bunlar təhrif edilib.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.