Sual: Mən tez-tez ora-bura getməli oluram. Vaxtaşırı olaraq xarici ölkələrə ezamiyyətə gedirəm və əsasən mehmanxanalarda gecələyirəm. Bütün namazlarımı qılıram. Bir dəfə özümlə kompas götürməyi unutmuşdum və həmin yerdə qiblənin hansı tərəfə olduğunu soruşacaq bir adam da yox idi. Özüm müəyyənləşdirməyə çalışdım və namazımı o cür qıldım. Sonradan məlum oldu ki, namazda tamamilə səhv tərəfə durmuşam. Elə isə səhv tərəfə qılınan namazlardan sonra nə etmək lazımdır? O namazlar təzədən qılınmalıdır?
Cavab: Bu kimi hallarda fərdi imkanlar daxilində qibləni müəyyənləşdirməyə çalışmaq lazımdır. Sualınızdan belə başa düşülür ki, siz bunu etmisiniz. Əlbəttə ki, səhvə yol verməmək mümkün deyil. İnsan səhv edə bilər. Əsas odur ki, bu, qəsdən baş verməsin.
Bu vəziyyətdə namazı təzədən qılmağa ehtiyac yoxdur.
Mərhum İslam alimi Ömər Nasuhi Bilmən bu məsələ ilə əlaqədar olaraq belə demişdir:
“Qibləni bilməyən və yanında soruşmağa adam olmayan bir şəxs araşdırma aparmalıdır. Bəzi işarələrə, günəş və ulduzlara baxaraq qibləni axtarmalı və namazını qənaətə gəldiyi istiqamətə tərəf qılmalıdır. Namazını qılıb qurtardıqdan sonra qibləni müəyyənləşdirməkdə səhvə yol verdiyini başa düşsə, artıq o namazı yenidən qılmağına ehtiyac yoxdur. Lakin qiblənin hansı istiqamətdə olduğunu namazda ola-ola başa düşsə, üzünü o tərəfə çevirib namazını tamamlamalıdır. O namazı təzədən qılmağına ehtiyac yoxdur. Qiblənin hansı istiqamətdə olduğuna dair şübhə istər şəhərdə, istərsə çöllükdə olduğu vaxtda, istərsə də qaranlıq gecədə və gündüz vaxtı yaransın, vəziyyət eynidir. Belə bir şəxs qapıları döyüb qiblənin hansı tərəfdə olduğunu başqalarından soruşmalı deyil”. (MƏNBƏ: Ömər Nasuhi Bilmən, Büyük İslam ilmihali, Bilmən nəşriyyatı, İstanbul, 1986, s. 101)
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.