Müsəlmanlar
Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda?

Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda?

Sual: Qəbristanlıq şəhərdən kənarda olmalıdır, yoxsa içəridə? Dini cəhətdən hansı münasibdir? Mən bu məsələ ilə əlaqədar bir telexəbər izlədim. Göstərilirdi ki, bələdiyyə şəhərin mərkəzində qəbristanlıq salmaq istəyir, ancaq camaat buna etiraz edir. Özü də elə etiraz edirdilər ki, elə bil heç ölməyəcəklər. İnternetdə də belə bir yazı oxumuşam: “Osmanlı dövründə evlər və məhəllələrin böyük bir məscidin ətrafında tikilib salınması, eləcə də evlərin yanında qəbirlərin olmağı, böyük şəhərlərin qəbristanlıqlarının şəhərdən kənarda deyil, məhz mərkəzi bir yerdə olmağı həyatla ölümün bir-birilə sıx əlaqədə olduğunu göstərir. Qəbristanlığın lalə və bənövşə kimi çiçəklərlə dolu olması isə ölümün insanların şüurunda həmişə canlı və təzə qalmasına hesablanıb. Digər tərəfdən ev-qəbir yaxınlığı fani olan yerlərdən əbədi aləmin başlanğıc yeri olan məkana keçidin nə qədər qısa və nə qədər tez baş verdiyini göstərir və xatırladır ki, əsl yer axirət yeridir; yəni, o biri dünyadır” (MƏNBƏ: Turgut Cansever, İslamda şəhər və memarlıq). Siz bu haqda nə deyərdiniz?

Cavab: Qəbristanlıqların şəhər, yaxud da hansısa bir yaşayış məntəqəsindən kənarda salınmağı İslam dininin bir əmri və ya məsləhət gördüyü bir şey deyil. Mədinə şəhərində yerləşən və peyğəmbərimizin (s. a. v.) dövründən üzü bəri istifadə olunan Bəqi qəbristanı (cənnətu-l-bəqi) peyğəmbərin (s. a. v.) evinin təqribən 50 metr yaxınlığındadır. Bu da göstərir ki, qəbristanlar evlərin yaxınlığında ola bilər.

Əlavə olaraq, peyğəmbərin (s. a. v.), Əbu Bəkr (r. a.) və Ömərin (r. a.) (üçünün yanaşı) peyğəmbərin yaşadığı evdə dəfn olunmağı da bir dəlil kimi qəbul edilir.

Məsələyə bu baxımdan yanaşdıqda yuxarıda qeyd olunan əsərdəki təsbitlərin düzgün olduğunu demək olar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.