Sual: Xahiş edirəm, necə qüsl almaq lazım olduğunu təfsilatla izah edin.
Cavab: Qüsl başdan ayağadək yaxşı-yaxşı yuyunmaq deməkdir. Qüsl edərkən ağız və buruna su çəkib təmizləmək Hənəfi və Hənbəli məzhəblərinə görə fərz, Şiə, Şafei və Maliki məzhəblərinin fikrinə əsasən də sünnədir (müstəhəb). Bunun səbəbi də odur ki, bəziləri ağız və burunu bədənin xarici hissəsindən hesab edir, bəziləri də daxili. Beləcə, Hənəfi və Hənbəlilər bunları bədənin xarici hissələrindən saymış və hökm vermişlər ki, onları yaxşıca yuyub təmizləmək lazımdır. Şafei və Malikilər isə yuxarıda da qeyd etdiyimiz kimi, ağız və burunu yumağı vacib hesab etməmişlər. Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2902.html
Qüsldə əsas məsələ bütün bədənin yuyulub yuyulmadığına fikir verməkdir. Əgər bütün bədən yuyulubsa, qüsl tamamlanmış hesab edilir. Qüsl barədə deyilən digər şeylər müstəhəb və ya sünnədir. Yəni, olmasa da, olan şeylərdir. Misal üçün qüsldən qabaq bismillah çəkmək, əvvəlcə sağ, sonra sol çiyindən, sonra da başdan üzüaşağı su axıtmaq kimi əməllər qüslün sünnələrindəndir. Əlbəttə ki, bunları yerinə yetirmək yaxşı olar. Amma mütləq bir şərt də deyil.
Qüslün necə alındığını qısaca təkrar edək:
Əgər övrət yerlərində (xalq arasında buna ayıb yerlər də deyilir) kir filan varsa, onlar təmizlənməlidir. Sonra da namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz almaq – əlləri yumaq, ağız və burunu təmizləmək lazımdır. Axırda isə bütün bədən yaxşıca – quru yer qalmamaq şərtilə yuyulmalıdır. Qüsl etmək bu cür olur.
Peyğəmbərimizin qüslündən bəhs edən hədislərdən bəziləri aşağıdakı kimidir:
“Peyğəmbər cənabətdən təmizlənib qüsl etmək istədiyi vaxt əvvəlcə əllərini yuyurdu. Sonra namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz alırdı. Sonra barmaqlarını suya salır və onlarla saçlarının diblərinə qədər su tökürdü. Axırda da suyu bütün bədənindən axıdırdı”. (Buxari, Küleyni, Qüsl, 1)
“Peyğəmbər namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz aldı. Təkcə ayaqlarını yumadı. Ayaqlarının arasını və oraları yudu. Sonra öz üstündən su tökdü. Sonra ayaqlarını yerindən ayırıb yudu. Onun cənabət qüslü belə idi”. (Buxari, yenə orada)
“Mən su qoydum ki, peyğəmbər yuyunsun. O, əllərini 2 və ya 3 dəfə yudu. Ondan sonra sol əli ilə üstünə su boşaltdı və xayalarını yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını su ilə çalxaladı və burnuna su çəkdi. Sonra da yerindən durub ayaqlarını yudu”. (Buxari, Qüsl, 5)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.