Müsəlmanlar

Marketlərdə satılan toyuqları yemək olar?

Sual: Məni bir məsələ çox maraqlandırır. Marketlərdə satılan toyuqları yemək olar? Dini kitablara baxıb bu məsələni araşdırdım. Sonra gördüm ki, satılan toyuqlar kitablarda deyilənlərə uyğun gəlmir. Buna görə də toyuq əti yemirəm. Şəhərdə yaşadığım üçün özümün toyuq saxlamaq imkanım da yoxdur. Görəsən, marketlərdəki toyuqlar nə cür kəsilib təmizlənir? Siz bu barədə nə deyərdiniz?

Cavab: Lazımi standardlara cavab verən istehsal sexlərində istehsal olunan və marketlərdə satılan məhsulları rahatlıqla yemək olar. Çünki kombinat və istehsal sexlərinin böyük əksəriyyəti kəsmə işlərini dini (İslam) qaydalara əsasən görür.

Bu məsələdə insanları düşündürüb narahat edən şey toyuqların tüklərinin yolunması məsələsidir. Belə ki, toyuq və oxşar heyvanlar kəsildikdən sonra tüklərinin asanlıqla yolunması məqsədilə isti suya salınır. Deyilir ki, bu vaxt toyuqların daxili orqanları çıxarılmadığına görə içində olan qan və nəcasət (murdarlıq) isti suyun təsirilə ətə bulaşır və buna görə də ət nəcis (murdar) olur.

Halbuki, qan və murdarlığın ətə bulaşmağı üçün toyuq gərək həmin isti suyun içində qaynayacaq dərəcədə uzun müddət qalsın. Ancaq məlumdur ki, marketlərdən və qəssab dükanlarından alınan toyuqlar qaynanmayıb. Bu da öz növbəsində göstərir ki, toyuğun ətinə qan və murdarlıq dəyməyib. Onsuz da toyuqlar müəyyən qədər isti suda saxlandıqdan və yolunduqdan sonra yaxşı-yaxşı dezinfeksiya edilir və tərtəmiz bir hala gəlir.

Nəticə etibarilə demək lazımdır ki, dini (İslam) üsullara zidd formada kəsildiyinə dair qəti bir dəlil-sübut olmayan və görünüş baxımından təmiz və sağlam olan toyuq və oxşar heyvanların ətini rahatlıqla yemək olar.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub. Odur ki, bu yazıda Türkiyədəki istehsal sexləri, market və məhsullar nəzərdə tutulur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.