Müsəlmanlar

Səhv fikirləri olan pişnamazın arxasında namaz qılmaq düzdür?

Sual: Bir dəfə namazdan əvvəl peyğəmbərin mövludu ilə əlaqədar mövizə verilirdi. O vaxt molla dedi ki, nə qədər müstəhəb iş görülsə, bir o qədər yaxşıdır. Belə olanda insan peyğəmbərin şəfaətinə nail olur. Namazdan sonra onun yanına gedib danışdım. Dedim ki, şəfaətlə əlaqədar dəlil göstər. O da mənə cavab verdi ki, dəlilə ehtiyac yoxdur, sən belə inanmağa davam elə. Sualım budur ki, belə bir adamın arxasında namaz qılmaq olar?

Cavab: Əvvəlki dövrlərdə molla və axundlardan dəlil soruşmaq demək olar ki, fasiqliq hesab olunurdu. Sanki bu, haqq yoldan çıxmaq kimi bir şey idi. Bir məsələnin hansı ayə və hədisdə qeyd edildiyini soruşmaq o qədər də asan deyildi. Misal üçün, “Filan məsələ hansı kitabda yazılıb?”, – deyə, sual soruşmaq çox ağır bir təhqir kimi qəbul olunurdu.

Ancaq artıq dövr dəyişib. Odur ki, siz suallarınızı soruşun. Bu cür insanlara da deyin ki, sizə tabe olmaq bizim borcumuz deyil. Bizim borcumuz Allahın kitabına tabe olmaq və peyğəmbərin göstərdiyi kimi yaşamaqdır. Belə deməklə onları bir növ məsələdən agah etmiş olacaqsınız.

Bu səbəbə görə o pişnamazların arxasında namaz qılmamaq düzgün deyil. Onlar sadəcə olaraq qədimdən bəri davam edən ənənəyə tabe olurlar. Yəni, onu bir növ davam etdirirlər.

Qısa desək, biz, pişnamazlıq edənin yoluna, əməllərinə deyil, qıldırdığı namazına uyuruq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.