Müsəlmanlar
Zəkat kimi kasıblara ərzaq yeşiyi paylamaq düzdür?

Zəkat kimi kasıblara ərzaq yeşiyi paylamaq düzdür?

Sual: Zəkat verməli olan bəzi imkanlı adamlar kasıblara ərzaq yeşikləri paylayırlar. Həmin yeşiklərdə adətən duru yağ, makaron, tomat pastası, düyü və mürəbbə olur. Onlar bunu etdikdən sonra zəkat ibadətini yerinə yetirdiklərini deyirlər. Bu hərəkət İslama əsasən nə dərəcədə düzgündür?

Cavab: Bəli, təəssüf ki, bəzi adamlar belə edirlər. Onlardan soruşmaq lazımdır: Ərzaq yeşiyindən sizə nə?

Əgər bu adamlar özləri ərzaq sektorundadırlarsa, daha açıq desək, ərzaq məhsullarının istehsalı və satışı ilə məşğul olurlarsa, onlardan zəkat verə bilərlər. Yəni, ərzaq məhsullarını verə bilərlər.

Amma sizin sualınız bu işlə məşğul olmadıqları halda, başqa bir yerdən ayın-oyun alıb paylayan və bununla da zəkat borcunu ödədiyini düşünənlərlə əlaqədardır. Belə etmək olmaz. Bağışlayın, deməliyəm ki, heç biriniz bunu etməyin. Belə bir iş görməyin.

Məgər kasıb gedib ayın-oyun almağı bacarmır?!? Kasıb nəyə ehtiyacı olduğunu lap yaxşı bilir! Siz ona zəkatı verin, o da gedib öz əyər-əskiklərini ödəsin.

Sizə bundan təqribən 25 il qabaq baş vermiş bir hadisəni qısaca danışım. Bir dəfə Sultanhamam ((İstanbulda bir bölgə. Burada ticarətlə məşğul olan bir çox fima fəaliyyət göstərir. Yüzlərlə mağazanın yerləşdiyi bu bölgə qızğın bir al-ver mərkəzi kimi məşhurdur – redaktorun qeydi.)) tərəfdə çoxlu dükanları olan bir nəfər gəlib mənə şikayət etdi:

Ay müəllim, o günü bir kasıba zəkat verdim. Gedib o dəqiqə 1 kq gilas aldı. Evinə apardı. Ancaq mən özüm hələ evə gilas almamışam.

O vaxt mən ona belə cavab verdim:

– Elə isə sən də gilas al, apar evə. Sən niyə o adamın puldan necə istifadə edəcəyinə qarışırsan? Bundan sənə nə? Məgər gilası ancaq varlılar yeyə bilərlər? Kasıbın gilas yeməyə haqqı yoxdur? Məgər sən pulu o adama bəzək-düzək üçün vermisən? Deyirsən ki, Allahın razılığını qazanmaq üçün vermisən. Elə isə onun işinə qarışma. Axı zəkat bir ibadətdir. Sən onu yerinə yetir. Allah Təala hər şeydən xəbərdardır.

Güman edirəm ki, sualınıza cavab verə bildim.

Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.