Müsəlmanlar
Yuxuda elm və dəqiq məlumat öyrənmək mümkündür?

Yuxuda elm və dəqiq məlumat öyrənmək mümkündür?

Sual: Yuxu vasitəsilə dəqiq bir şey öyrənmək mümkündür? Bəzi adamlar deyirlər ki, bizə yuxuda elm verilib, vergi verilib. Bu nə dərəcədə düzdür?

Cavab: Yuxu insana hansısa bir məsələ barədə ümumi bir fikir verə bilər. Yəni, insan hansısa bir qənaətə gələ bilər. Ancaq yuxu insana dəqiq bir məlumat vermir. Yuxu bir növ xəbərdarlıq və ümid üçündür.

Qurana əsasən Yusuf (Yusif) peyğəmbər öz yuxusunu atasına belə danışmışdı:

“Bir zaman Yusuf belə demişdi:

– Atacan! Yuxumda gördüm ki, 11 ulduz, günəş və ay mənə səcdə edir.

Atası dedi:

– Oğlum! Yuxunu qardaşlarına danışma. Yoxsa sənə tələ qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir.

Rəbbim səni yuxundakı kimi (peyğəmbər) seçəcək, sənə hadisələri yozmağı öyrədəcək. Öz nemətlərini bundan əvvəl ataların İbrahim və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslində də tamamlayacaq. Şübhəsiz ki, Rəbbin bilir, hikmətlidir”. (Yusuf, 12/4-6)

O vaxt 11 ulduz Yusufun 11 qardaşı, günəş və ay da ata-anası kimi yozulmuşdu. Elə bir gün gələcəkdi ki, onlar Yusufun qabağında ehtiramla əyiləcəkdilər. Yusufun quyuya atılıb Misirə aparılması və uzun müddət ayrı qalmağı atası Yaqub peyğəmbərə çox pis təsir etmişdi. İş o həddə çatmışdı ki, gözləri artıq görmürdü… Lap əldən düşmüşdü, ancaq yuxuya görə yenə də ümidini üzmürdü.

“Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə atan kimi gözləri açıldı. Yaqub bunun üstündən dedi: “Sizə deməmişdimmi, mən Allah dərgahından sizin bilmədiyinizi bilirəm?”. (Yusuf, 12/96)

Burada çox vacib bir sual yaranır: Əgər yuxu dəqiq məlumat verirsə, Yaqub peyğəmbər nə üçün özünü üzüb əldən düşdü?

Muhəmməd peyğəmbər də bir yuxusunu əshabələrə danışmış, sonra yola çıxıb hamısı birlikdə Məkkəyə getmişdilər. O vaxt yuxusu həyata keçməmişdi. Belə ki, Məkkəyə çatmadan – Hüdeybiyyədən geri qayıtmalı olmuşdular. Allah Təala bunun üstündən aşağıdakı ayəni nazil etdi:

“Allah Öz peyğəmbərinin yuxusunun həqiqi olduğunu təsdiq etdi. Allah qoysa, siz əmin-amanlıqla başınızı qırxdırmış və ya saçlarını qısaltmış halda Məscidi-Harama  daxil olacaqsınız”. (Fəth, 48/27)

Əgər təkcə yuxuya etibar olunsaydı, Allah belə bir ayə endirməzdi. Onsuz da yuxularda bəzi müjdələr və xəbərdarlıqlar olur. Yuxu məlumat əldə etmək vasitəsi deyil. Ona görə də təkcə yuxu görəni maraqlandıran bir şeydir. Odur ki, yuxuda vergi verilməkdən söhbət gedə bilməz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.