Sual: Siz Quranın Sad surəsinin 29-cu ayəsini belə tərcümə etmisiniz: “Bu, bərəkətli bir kitabdır. Onu sənə endirdik ki, ayələrindəki əlaqələr şəbəkəsini görsünlər və daxilən pak olanlar onu ağıllarına yerləşdirsinlər”. Mən başqa Quran tərcümələrinə baxdım. Heç birində belə məna verilməyib. Siz əlavələr etmisiniz. Nəyə görə ayəni belə tərcümə etdiniz?
Cavab: Ayənin tərcüməsinə hər hansı bir şey əlavə olunmayıb. “Ayələrindəki əlaqələr şəbəkəsini görsünlər”لِّيَدَّبَّرُوا آيَاتِهِ cümləsi sözlərinin tərcüməsidir.
لِّيَدَّبَّرُوا sözü دُبْر kökündən törəyib və ليتدبروا mənası verir. Yəni, onlar tədəbbür etsinlər. دُبْر arxa deməkdir. Tədəbbür isə bir şeyin qabağını, arxasını və mənasının haraya gedəcəyini düşünməkdir. ((ودَبَّرَ الأَمْرَ وتَدَبَّره: نظر في عاقبته، ، والتَّدَبُّر: التفكر فيه. Lisan’ul-Arab.))
Kəşşafın təfsirində bu ayə ilə əlaqədar olaraq belə deyilir:
“Ayələri tədəbbür etmək onları düşünmək, birinci mənasının aparıb çıxartdığı düzgün əlaqələri və gözəl mənaları görmək deməkdir. Çünki oxunan ayənin ilk mənası ilə kifayətlənən insan çox vaxt ondan xeyir görmür. Bu insan təzəcə balalamış bol südü olan dəvəsi olduğu halda, onu sağmayan insana oxşayır. Ya da çoxlu bala verə bilən bir dişi dayı olan, amma ondan xeyir götürməyən kəs kimidir. Tabein alimlərindən Həsən Bəsrinin belə dediyi nəql edilib:
“Bu Quranı əlaqələrini bilməyən uşaqlar və qullar da oxuyurlar. Hərflərini əzbər bilirlər, ancaq onu əhatə edən şeyin fərqinə varmırlar. Belə bir şəxs durub deyir ki, vallah, mən heç bircə hərfini də ötürmədən Quranı oxudum”. Amma vallah, o, Quranın hamısını buraxıb. Çünki onun əxlaqında da, hərəkətində də Quranın təsirini görmək mümkün deyil. Vallah! Onu əhatə edən şeyi bilmədən əzbərləmək nə deməkdir?!? Vallah, onlar düzgün qərar verən insanlar olmadıqları kimi, hafiz də deyillər! Allah belə insanların sayını artırmasın! Allahım! Bizi tədəbbür edən alimlərdən et. Özünü bir şey hesab edən oxuculardan da qoru”. ((Əbu-l-Qasım Carullah Mahmud ibn Ömər əz-Zəməxşəri, Əl-Kəşşaf, təhqiq edən Adil Əhməd Abdulmövcud, Əli Muhəmməd Muavvid, Məktəbətu-l-Ubeyqan, Riyad, 1998, 5-ci cild, s. 263.))
Biz də tədəbbür sözünün Azərbaycan dilindəki mənasını Quran tərcümə-məalında ifadə etmək məqsədi ilə “ayələrindəki əlaqələr şəbəkəsini görsünlər” kimi tərcümə etdik. Onun əvəzinə “əlaqədar olduğu ayələri düşünsünlər” demək də olardı. Bizim fikrimizcə, həmin ayənin mənası Azərbaycan dilində başqa cür verilə bilməz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.