Müsəlmanlar
Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır?

Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır?

Sual: Mən oruclu idim. Qəfildən xəstələndim və orucumu pozmağa məcbur oldum. Bu halda nə etməliyəm? Pozulan orucun yerinə neçə gün oruc tutmalıyam?

Cavab: Orucu pozan şeylər yemək-içmək və cinsi əlaqədir. Bununla yanaşı, xəstələr və yol üstündə olanlar əgər istəsələr, oruc tutmaya bilərlər. Oruc tutduğu halda xəstələnən insanlar da dərman qəbul etmək məqsədilə oruclarını poza bilərlər. Bu halda sizin 1 gün qəza orucu tutmağınız kifayətdir. Allah Təala belə buyurur:

“Orucu sayı məlum olan günlərdə tutun. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Sizdən kim bu aya yetişsə, onu orucla keçirsin. Kim də xəstə və ya yol üstündə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz”. (Bəqərə, 2/184-185)

Cabir ibn Abdullanın rəvayət etdiyinə görə Muhəmməd peyğəmbər (s. a. v.) fəth ili Məkkəyə tərəf yola çıxmışdı. Kuraul-Ğəmim deyilən yerə gələnə qədər o da, əshabələr də oruclu idilər. Peyğəmbərə dedilər ki, oruc tutmaq insanlara çətin gəlir. Onlar sizin etdiklərinizə baxırlar. Peyğəmbər də ikindi vaxtından sonra bir stəkan su istədi və hamının gözünün qabağında içdi. Bunu görənlərin bəziləri oruclarını açdılar (pozdular), bəziləri də oruc tutmağa davam etdilər. Peyğəmbər bəzi əshabələrin oruc tutmağa davam etdiklərini öyrəndikdə belə dedi:

“Onlar itaət etmirlər. Asi olublar”. (Müslim, Siyam, 90 (1114); Tirmizi, Savm, 18)

Bu hədis xəstəlik və səfər vaxtı oruc tutmağın yaxşı olduğunu bildirən Quran ayəsinə zidd deyil. Çünki burada belə deyilir: Xəstə və ya yol üstündə olduğu halda, oruc tutmağa davam etmək insanın orqanizminə zərər verə bilər. Bəzi əshabələrin belə bir vəziyyətdə ola-ola oruca davam edib bədənlərinə zərər verməkləri “üsyan – asi olmaq” hesab olunub. Oruc tutacaqları halda orqanizmlərinə zərər gəlməyəcək xəstə və səfərdə olanların oruc tutmaqları isə ayədə də qeyd edildiyi kimi, daha yaxşıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.