Müsəlmanlar
Bizə kiminsə eyibləri deyildikdə nə cür rəftar etməliyik?

Bizə kiminsə eyibləri deyildikdə nə cür rəftar etməliyik?

Sual: Tutalım ki, bir nəfər bizə başqa bir insanın eyib və çatışmazlıqları barədə danışır. Bu halda biz müsəlman kimi nə etməliyik? Deyilənlərə inanıb araşdırmalıyıq, yoxsa yox?

Cavab: Əgər haqqında danışılan çatışmazlıq başqalarına ziyan vuracaqsa və onu düzəltməyə ehtiyac varsa, aşağıdakı Quran ayəsinə əsasən hərəkət etmək lazımdır:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”. (Hucurat, 49/6)

Əgər çatışmazlıq ancaq aid olduğu şəxsi maraqlandırırsa, yəni, başqalarına ziyan vermirsə, bu halda aşağıdakı ayəyə və hədislərə əsasən hərəkət etmək lazımdır:

“Ey iman gətirənlər! Zənn-gümandan çox çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz! Elə isə Allahın əzabından qorxun ki, bu murdar işdən özünüzü qoruyasınız! Həqiqətən, Allah tövbələri qəbul edəndir, ikramı çoxdur”. (Hucurat, 49/12)

Əbu Hüreyrə rəvayətinə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Zəndən çəkinin. Çünki zənn (nahaq yerə ittiham) sözlərin ən yalan olanıdır. Başqalarının danışığına qulaq asmayın, eyiblərini araşdırmayın, bir-birinizə qarşı öyünüb lovğalanmayın, bir-birinizə həsəd aparmayın, kin saxlamayın, üz döndərməyin. Ey Allahın bəndələri! Allahın sizə əmr etdiyi kimi qardaş olun”. ((Buxari, Nikah,45, Fəraiz, 2, Ədəb, 57-58; Müslim, Birr, 28 (2563); Əbu Davud, Ədəb, 37, 48; Muvatta, Hüsnu-l-xüluq, 15; Əhməd ibn Hənbəl, 2/287, 342, 465, 470, 482, 492, 517, 539.))

Abdulla ibn Məsud (r. a.) deyir ki, bir gün bir adamı onun yanına gətirdilər. Dedilər ki, bunun saqqalından içki axır. Mən onlara belə dedim:

“Bizə eyib və nöqsanları araşdırmaq qadağan olunub. Bir qüsur və ya eyib öz-özünə üzə çıxsa,o vaxt  biz lazım olan işi görərik”. ((Əbu Davud, Ədəb, 37.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.