Müsəlmanlar

Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər?

Sual: Kitablarda yazılıb ki, peyğəmbərin və xəlifələrin dövründə qadınlar da Cümə namazı və gündəlik 5 vaxt namazı qılmaq üçün məscidlərə gedirmişlər. Quranın Cümə surəsinin 9-cu ayəsində də bütün möminlərə müraciət olunur. Yəni, ayədə kişi-qadın söhbəti yoxdur. Elə isə qadınların camaatla namaz qılmağına niyə mane olurlar?

Cavab: Qadınların camaatla qılınan namazlardan uzaqlaşdırılması sonrakı dövrlərdə başlayıb. Bəzi adamlar deyiblər ki, burada bir fitnə-fəsad var, belə olmaz. Bəzi insanlar o qədər dar düşüncəlidirlər ki, onlara qalsa, şəhərin ortasında bir divar hördürüb bir tərəfinə qadınları, o biri tərəfinə də kişiləri yığarlar!

Halbuki, Allah Təala necə buyurubsa, o cür də hərəkət etmək lazımdır. Peyğəmbərimizin (s. a. v.) dövründə qadınlar cəm namazı qılmaq üçün məscidlərə gedirdilər. Peyğəmbərimiz də deyirdi ki, Allahın xanım bəndələrini Allahın məscidlərindən uzaqlaşdırmayın.

Ancaq ondan sonra o qədər: “Fitnə, fitnə!”, – deyənlər oldu ki, bu da aradan qalxdı. Elə etdilər ki, Qurani-Kərimdə qadınlarla əlaqədar olan ayələrin çoxu görünməz hala salındı. Elə hərəkət etdilər ki, sanki bu ayələr heç yoxdur.

İndiki dövrdə isə bu çarx tərsinə işləyir. Bəziləri deyirlər ki, qadınlara öz hüquqlarını vermək lazımdır; biz onlara imtiyaz verəcəyik. Bu vaxt da təəssüf ki, tarazlıq pozulur. Beləliklə, nəticə daha pis olur.

Belə bir vəziyyətdə biz orta yolu tutmalıyıq. Elə etməliyik ki, nə qadınların, nə də kişilərin hüquqları pozulsun. Allahın buyurduğu kimi olsun və heç kimin haqqı tapdanmasın. Bunun başqa əlacı yoxdur…

Qadınları cəmiyyətdən, o cümlədən məscidlərdən uzaqlaşdırmaq cəhdi əvvəl də qeyd etdiyim kimi, sonradan ortaya çıxıb. Sizə bir misal verim. Bu günlərdə İstanbulun ən böyük məscidlərindən biri olan Süleymaniyyə məscidinin ərazisində qadınlar üçün ayaqyolu və dəstəmaz almaq yeri açılması barədə söz-söhbət gəzir. Bəziləri deyirlər ki, bu, tarixi bir əsərdir, orada belə bir şey ola bilməz! Bunu bəhanə gətirib özlərini haqlı çıxarmağa çalışırlar! Halbuki, kişilər üçün nəzərdə tutulmuş ayaqyolu da çox yaxşı vəziyyətdə deyil. Ümid edirik ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq. Və sevindirici haldır ki, həm ölkəmizdə, həm də digər ölkələrdə (hamısında olmasa da) qadınlar məscidlərə gedə bilirlər. Yəni, bu cür şəraiti olan məscidlər də var.

Qadınlar müharibəyə də gedə bilərlər. Peyğəmbərin (s. a. v.) dövründə belə olub. Misal üçün, Uhud döyüşündə peyğəmbəri öz qılıncı ilə qoruyan bir qadın idi. Həmin qadın yəqin ki, qılınc işlətməyi orada öyrənmədi. Elə deyilmi? Bu döyüşdə çoxlu mömin qadın iştirak etdi. Bir sözlə, qadınlar orada həm döyüşdülər, həm yaralıları daşıyıb müalicə ilə məşğul oldular, həm də arxa cəbhədə böyük işlər gördülər.

Nəticə olaraq qadınlar Cümə namazı, gündəlik cəm namazları və meyyit namazına gedə bilərlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

QEYD: Yazının məzmunundan da məlum olduğu kimi, bu sual Türkiyədən soruşulub.

Qadınların Cümə namazı haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/1864.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.