Müsəlmanlar
Maşın sığortası

Maşın sığortası

Sual: Maşını sığortalatdırmağın hökmü nədir? Bu məsələdə dini cəhətdən hansısa bir qəbahət var?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, maşını sığortalatdırmaq olar.

Bununla belə, bu sahə ilə əlaqədar bəzi tənqidlər səsləndirilir. Misal üçün, deyirlər ki, bu sahədə bəzi sui-istifadə hallarına yol verilir. Düzdür, həqiqətən də, bəzi səhvlər var.

Amma yaddan çıxartmaq olmaz ki, buna ümumi bir ehtiyac da var.

İndi isə gəlin, bu məsələ ilə bağlı tənqid və iradlara nəzər yetirək və onlardan bir neçəsini qeyd edək:

1. Maşın sığortası faizə oxşayır. Çünki sığorta şirkətinə 100 manat ödəyib bəzi hallarda 200 manat almaq olur. Maşını 1000 manat müqabilində sığortalatdıra bilirsiniz. Ancaq bu həyatdır, birdən elə olur ki, ağır bir avtoqəza nəticəsində maşın yararsız hala düşür. Bu vaxt sığorta şirkətindən (aranızdakı müqavilədən asılı olaraq) 20-30 min manat almaq olur. Bu münasibət məhz bu baxımdan faizə oxşayır.

2. Bu, qumara da oxşayır. Çünki sığorta şirkətinə pul qoyursan və bəzən artıq pul ala bilirsən, bəzən də heç bir şey.

3. Burada Allaha qarşı bir etibarsızlıq da var.

Biz burada bu məsələyə diqqət yetirməliyik: Heç bir məsələni aradakı oxşarlıqlara baxıb izah və həll etmək olmaz. Misal üçün, bir müsəlman və kafir bir-birinin yanında dursalar, onların bir-birinə oxşayan cəhətlərinin fərqli cəhətlərindən çox olduğunu görmək olar. Çünki hər ikisi insandır və müştərək xüsusiyyətlərə malikdir. Deməli, biz bu oxşarlıqlara baxıb birinə müsəlman, digərinə də kafir deyirik? Əlbəttə ki, yox! Onların arasındakı fərqə baxırıq.

Oxşar cəhətlərə baxıb hökm verənlər eynilə: “Əşi, al-ver də faiz kimidir”, – deyənlər kimi olarlar. Halbuki, Allah al-veri (ticarət) halal, faizi isə haram edib. Deməli, bunlar eyni şey deyil. Heç kim dərhal qaytarmaq şərti ilə borc almır. Almaz da! Amma pulunu o dəqiqə verməklə bir mal, şey, məhsul və sairə ala bilər. Məhz buna görə al-ver halal, faiz isə haramdır.

Burada fikir verməli olduğumuz başqa bir məsələ də var: Pulunu faizə vermək istəyən bir şəxs heç gedib öz pulunu sığorta şirkətinə qoyar? Belə bir şey olubmu heç? Ya da qumar oynamaq istəyən bir insan pulunu: “Əşi, bəlkə, uddum”, – deyib sığorta şirkətinə verər? Belə bir şey mümkündür? Pulunu faizə verən faizə verir. Qumar oynayan da qumar oyununa girir.

Bir insan Allaha etibar etmədiyinə görəmi maşınını sığortalatdırır? Belə bir şey heç kimin ağlından belə keçmir! Bu bir yardımlaşmadır. Sabah mənim başıma belə bir iş (qəza) gəlsə, mənə kömək olunacaq. Mən almasam, başqası alacaq.

Əslində burada bir asanlıq var: Qəza törədən və ya qəza keçirən sürücülər bir-biri ilə dalaşmırlar. Dinməz-söyləməz otururlar. Niyə? Çünki arada ziyanı ödəyən sığorta şirkəti var.

Bəzi insanlar da avtomobilləri qəzaya düşmədiyi halda, sanki qəza baş veribmiş kimi hərəkət edirlər. Bütün məqsədləri sığorta şirkətindən pul almaqdır. Bu, səhv bir hərəkətdir, qəbuledilməzdir! Ancaq bu kimi neqativ hallara baxıb hökm vermək olmaz. İnsanın olduğu yerdə belə səhvlərin olmamağı mümkündür?

Nəticə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, maşını sığortalatdırmağın dini cəhətdən heç bir eybi yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.