Sual: Quran Allahın sözü olduğu halda, Quranın içindəki dualar nədir? Misal üçün, Fatihə surəsində, yəni, Allahın kəlamı olan həmin ayələrdə: “Ancaq Səndən kömək diləyirik, bizi düzgün yola çatdır”, - kimi sözlər var. Bu kimi ayələri necə başa düşmək lazımdır? Məgər Allah öz-özünə dua edir?
Cavab: Qurandakı dualar möminlər üçün nümunə dualardır. Yəni, Allah Təala möminlərin o dualarla Ona yalvarıb dua edə biləcəklərini bildirir.
Fatihə surəsində birdən-birə dua cümlələrinə yer verilməyi Quranda tez-tez təkrar olunan bir üslubdur. Ərəb dilində buna iltifat sənəti deyilir. Danışıq mətnlərinə yer verildiyi vaxt qəfildən xitab olunan obyekt dəyişir. Bu, Ərəb dilinin qayda-qanunlarına müvafiqdir. İlk xitab edilənlər Ərəb olduqlarına görə Quran Ərəb dilində nazil edilib. Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, Quranda Ərəb dilinə məxsus olan ədəbi janrların işlədilməsi çox təbii bir haldır.
Məkkə müşrikləri bu ayələri eşitdikləri vaxt: “Burada bir tutarsızlıq var, ahəng yoxdur”, – demədilər. Deyə bilməzdilər, çünki bu onların çox yaxşı bildikləri bir sənət idi. Odur ki, Ərəb dilini bilmədən, bu kimi ədəbi sənətlərə bələd olmadan bu məsələlərdə nəsə demək düzgün deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.