Sual: Qadınlar yuxularında cinsi əlaqədə olduqlarını görsələr, durub qüsl verməlidirlər?
Cavab: Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:
Aişə (r. a.) nəql edir: “Bir dəfə peyğəmbərdən (s. a. v.) soruşdular ki, bir nəfər paltarında nəmlik hiss etsə, ancaq ehtilam olduğunu yadına sala bilməsə, mütləq yuyunmalıdır?”
Peyğəmbər (s. a. v.) buna belə cavab verdi:
“Bəli, yuyunmalıdır!”
Sonra soruşdular ki, bəs ehtilam olduğunu bilən, amma nəmlik hiss etməyən necə?
Peyğəmbər (s. a. v.) buna cavab olaraq: “Ona qüsl etmək lazım deyil”, – dedi.
Bu dəm Ümmü Süleym (r. a.) soruşdu:
“Əgər bu əhvalat bir qadının başına gəlsə, necə? Qüsl etməlidir?”
Allahın elçisi (s. a. v.) cavab verdi:
“Bəli! Qadınlar kişilərin əmsallarıdırlar”. (Əbu Davud, Təharət, 95; Tirmizi, Təharət, 82)
Yenə Aişə (r. a.) rəvayət edir ki, Ümmü Süleym (r. a.) bir dəfə peyğəmbərdən (s. a. v.) yuxusunda kişinin gördüyünü görən qadın barədə sual soruşdu. Öyrənmək istədi ki, həmin qadın qüsl verməlidir, yoxsa yox?
Peyğəmbər (s. a. v.) bu suala: “Bəli, əgər suyu görsə”, – deyə, cavab verdi.
Bunu eşidən Aişə (r. a.) üzünü Ümmü Süleymə (r. a.) tutub dedi:
“Allah sənin xeyrini versin! Sən nə danışırsan belə?”
Rəsulullah (s. a. v.) Aişəyə tətəf çevrilib dedi:
“Aişə, qoy, istədiyini soruşsun! Əgər belə olmasaydı, uşaqlar heç ana tərəfinə çəkərdilər? Əgər qadının suyu kişinin suyundan üstün olsa, uşaq dayılarına oxşayar. Kişinin suyu da qadının suyuna üstün gəlsə, uşaq əmilərinə çəkər”. (Müslim, Heyz, 33; Muvatta, Təharət, 84; Əbu Davud, Təharət, 96; Nəsai, Təharət, 131)
Müslimin külliyatında qeyd edilən digər bir rəvayətdə isə belə bir əlavə var:
“Kişinin suyu qatı və ağdır. Qadının suyu isə sarı və durudur. Bunlardan hansı üstün olsa və ya qabağa keçsə, oxşarlıq meydana gəlir”. (Müslim, Heyz, 30)
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.