Müsəlmanlar

Evli bir kişi boşandıqdan sonra nə vaxt təzədən evlənə bilər?

Sual: Evli bir kişi arvadını boşadıqdan sonra nə vaxt təzədən evlənə bilər? Müəyyən qədər gözləməlidir? Gözləmə müddəti qadın və kişidə ayrı-ayrı olur, yoxsa eynidir?

Cavab: İslama əsasən boşanma baş tutduqdan sonra kişinin gözləməli olduğu hər hansı bir müddət yoxdur. Amma boşadığı qadının gözləmə müddəti başa çatmadan onun bacısı, bacılarından birinin qızı, bibisi və yaxud xalası ilə evlənə bilməz. Çünki iddə müddəti qurtarmadan qadın ərindən tamamilə ayrılmış hesab olunmur.

Birinci və ikinci boşanmadan sonra qadın başqa bir kişiyə ərə gedə bilmək üçün iddə gözləməlidir. İddə aybaşı olan qadının 3 təmizlik müddəti, aybaşı olmayanların 3 ay, hamilələrin də azad olana qədər gözləməsi deməkdir. Bu barədə aşağıdakı keçiddən ətraflı oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2767.html

Əgər kişi xoşniyyət bir insandırsa, iddə müddəti qurtarana qədər təzədən evlənməyə ehtiyac qalmadan arvadının yanına qayıdıb ailə həyatını davam etdirə bilər.

Təbii ki, bu deyilənlər həqiqi bir evlilikdən sonra baş verən həqiqi bir boşanmanı əhatə edir. Bir evliliyin həqiqi (düzgün, etibarlı) olmağı üçün vacib şərtlər bunlardır: Kəsilən kəbin qızın və ailəsinin icazə və razılığı ilə olmalıdır. Kəbin heç vaxt gizli olmamalıdır. Yəni, bu şərtlər mütləq yerinə yetirilməlidir. Bunlar olmadan kəsilən kəbin etibarsızdır, düzgün deyil!

Bütün şərt və tələblərinə rəayət etməklə kəsilən kəbindən sonra boşanmaq üçün də bir sıra şərt və qaydalar var. Boşanma 1-2 kəlmə sözlə meydana gələn bir şey deyil. Qayda-qanununa müvafiq olmayan boşanma etibarlı deyil.

Saytımızda bu kimi məsələlərlə əlaqədar məlumatlar çoxdur. Onlarla buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/evlilik-aile

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.