Sual: Mənim yoldaşım hamilə idi. Nəzir dedik ki, övladımız sağ-salamat dünyaya gəlsin, məhləmizdəki kimi-kimsənəsi olmayan uşaqlara pul verəcəyik. Elə oldu ki, yoldaşım azad oldu. Hər şey müvəffəqiyyətlə başa çatdı. Bir də gördük ki, həmin uşaqlar artıq bizim məhlədə deyillər... İndi karıxıb qalmışıq. Bilmirik, nə edək. Bu nəzir pulunu (miqdar az deyil) kimə verək? O uşaqları axtarıb tapmağımız qeyri-mümkündür. Bu halda nə edək ki, günaha batmayaq?
Cavab: Nəzir dediyiniz məbləği buna ehtiyacı olan başqa bir insana, yaxud bir neçə möhtac insana versəniz, öz əhdinizi yerinə yetirmiş olarsınız. Həmin uşaqları axtarmaq məcburiyyətində deyilsiniz. Belə bir şey şərt deyil.
İslam alimlərindən biri olan Ömər Nasuhi Bilmen (Türkiyə) Böyük İslam elmihalı adlı əsərində bu məsələ ilə əlaqədar olaraq belə deyir:
“Müəyyən bir şərtə əsasən deyilən nəzir hansısa bir yer, vaxt, müəyyən bir pul məbləği və müəyyən bir kasıbla məhdudlaşdırıla bilməz. Buna bir misal verək: “Mənim filan işim düzəlsə, Cümə günü oruc tutacağam, filan yerdəki filankəsə (filan kasıba) də bu pulu verəcəyəm”, – kimi nəzir deyən insan həmin işi düzəldikdən sonra hər hansı bir gündə o orucu tuta bilər; eynilə bunun kimi, istənilən bir yerdəki başqa bir kasıba da o məbləği (pulu) verə bilər”. ((Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, “Belirli ve Belirsiz, Mutlak ve Muallak Adaklar” fəsli, Türk dilində, 241-ci abzas.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.