Müsəlmanlar
Deyirsiniz ki, peyğəmbər üçün qurban kəsmək olmaz. Sübutunuz var?

Deyirsiniz ki, peyğəmbər üçün qurban kəsmək olmaz. Sübutunuz var?

Sual: Siz deyirsiniz ki, peyğəmbərə qurban kəsmək olmaz. Buna sübutunuz var? Çünki mən bu məsələni “kəsmək mümkündür” kimi bilirəm və bunu bir hədislə sübut edirəm: Xunnəs (r. a.) nəql edir: “Mən həzrəti Əlini (r. a.) iki qoç kəsəndə gördüm və ondan bunların nə olduğunu soruşdum. O da cavab olaraq: “Peyğəmbər (ə. s.) mənə özü üçün qurban kəsməyi vəsiyyət etmişdi, indi mən onları kəsirəm”, - dedi (Sünəni-Əbu Davud, Ədahi, 2)”. Deməli, peyğəmbərimizə (ə. s.) qurban kəsmək şəxsən onun vəsiyyətidir. Siz də dediklərinizlə əlaqədar bir dəlil-sübut və mənbə göstərin.

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, bu hədisi rəvayət edən Xunnəs yox, Hanəşdir. Bu hədisə Tirmizi və Əbu Davudun külliyatında təsadüf edilir. Tirmizidəki rəvayət belədir:

“Həzrəti Əlidən (r. a.) rəvayət olunduğuna görə o, biri peyğəmbərin, digəri də öz adından olmaqla iki qurban kəsirdi. Ondan bunun səbəbini soruşduqda belə cavab verdi: “Belə etməyimi mənə rəsulullah (ə. s.) əmr etdi və mən belə etməyi heç vaxt tərk etməyəcəyəm”. ((Tirmizi, Ədahi, 3.))

İmam Tirmizi bu hədis haqqında: “Bu hədis qəribdir. Biz bunu ancaq Şərikin rəvayəti ilə bilirik”, – deyib.

Hədisin Əbu Davudun Sünənindəki versiyası isə belədir:

“Hanəş belə dedi: “Mən gördüm ki, həzrəti Əli iki qoçu birdən qurban kəsir. (Ondan) Bunun nə olduğunu soruşdum. Dedi ki, peyğəmbər mənə (sağ ikən, ölümündən sonra hər il) öz yerinə bir qurban kəsməyimi əmr etdi. İndi mən onun yerinə qurban kəsirəm” (Əbu Davud, Dəhaya, 2).

Bu hədis onunla əməl edilməyəcək qədər zəifdir. Çünki hədisin sənədində hədis alimləri tərəfindən kim olması məchul olan Əbul-Həsna və barəsində “onun hədislərini dəlil kimi istifadə etmək olmaz”, “zəifdir”, “mötəbər deyil”, “Həzrəti Əlidən təkcə özünün rəvayət etdiyi hədislər etibarlı ravilərin hədislərinə oxşamır. Buna görə də onun hədisi dəlil ola bilməz” kimi müxtəlif tənqidlər olan Hanəş ibn Əl-Mutəmir də var. Beləliklə, bu hədis dəlil təşkil etmək xüsusiyyətindən uzaqdır.

Əl-Mübarəkfuri Töhfətul-əhvəzi adlı əsərində bu məsələyə dair belə deyib:

“Mən ölən bir insanın əvəzinə ayrı bir qurban kəsilməsi ilə əlaqədar səhih və mərfu bir hədisə rast gəlməmişəm. Həzrəti Əlidən bu məsələ ilə əlaqədar nəql olunan hədis zəifdir. Belə olmaqla yanaşı, əgər bir kimsə ölən bir şəxsin yerinə ayrı bir qurban kəssə, ehtiyat olaraq bu qurbanın ətindən yemeyib hamısını sədəqə kimi verməlidir”. ((MƏNBƏLƏR: Əl-Mübarəkfuri, Töhfətul-əhvəzi, Qahirə, 2001, IV cild, s. 433-434, 1495-ci hədisin şərhi; Əs-Səharənfuri, Bəzlul-məchud fi həlli Əbi Davud, Beyrut, XIII cild, s. 10-11; Sünəni-Əbu Davud tərcümə və şərhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil nəşriyyatı, Dəhaya, 1-2-ci bablar, 2790-cı hədisin şərhi.))

QEYD: Peyğəmbərimizin sağ ikən biri özü üçün, digəri də ümmətindən imkanı olmayanlar üçün iki qoç qurban kəsməsi tamamilə başqa bir haldır. Həmin məsələ ilə əlaqədar olaraq saytımıza yerləşdirdiyimiz geniş bir yazını buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1038.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.