Müsəlmanlar
Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır?

Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır?

Sual: Hədis və siyər kitablarında qeyd edilib ki, peyğəmbərimiz bəzi əshabələrə Cənnətə getməklə müjdə verib. Misal üçün, “əşəreyi-mübəşşərə” ifadəsi bunlardan biridir və 10 nəfəri bildirir. Həmin 10 nəfərdən başqa səhabələrin də Cənnətə gedəcəyini bildirən hədislər var. Bunlar nə dərəcədə düzgündür? Məgər bir insan sağ ola-ola Cənnətə düşməklə müjdələnə bilər?

Cavab: Hədis mənbələrində bu məsələ ilə əlaqədar səhih (mötəbər, düzgün) hədislər var. ((Ətraflı məlumat üçün baxın: Müslim, Fəzailu-s-səhabə (əshabələrin fəzilətləri), 28; Tirmizi, Mənaqib, 26; Əhməd ibn Hənbəl, Müsnəd, 1/187, 188.)) Qeyd edək ki, bu hədisləri aşağıdakı Quran ayələri ilə birlikdə mütaliə etmək lazımdır:

Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağçaları hazırlamışdır. Bu, böyük qurtuluşdur”. (Tövbə, 9/100)

Bu ayəyə əsasən yuxarıda sadalananlar Cənnətə daxil olmaqla müjdələniblər. Lakin bu müjdə “qeydsiz-şərtsiz” bir müjdə deyil! Yəni, onlara belə bir şey deyilir: “Hal-hazırda olduğunuz gözəl vəziyyəti davam etdirməyiniz şərti ilə, yəni, öz halınızı dəyişdirmədiyiniz müddətcə behiştliksiniz”. Buna oxşar bir halla Məryəm anamızın üstün xüsusiyyətlərindən bəhs edən Quran ayələrində qarşılaşırıq:

“Bir gün mələklər belə dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib bu dövrün qadınlarından üstün etdi.

Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”. (Ali İmran, 3/42-43)

Məlum olduğu kimi, Allah Məryəm anamızı seçib və tərtəmiz bir bəndə edib. Onu digər qadınlardan üstün etdiyini bildirdikdən sonra Ona boyun əyməyini, səcdəyə qapanmağını və rüku edənlərlə birgə rüku etməyini buyurub. Yəni, bir növ həmin üstün xüsusiyyətlərin davam etməsinin bu əmrləri yerinə yetirməsindən asılı olduğunu bildirib.

Məsələyə bu baxımdan yanaşdıqda belə bir nəticə çıxır: Peyğəmbərimiz (s. a. v.) bəzi əshabələri Cənnətlə müjdələyib; elə isə bu onların Cənnətə girəcəklərinə dair bir təminat deyil, yaxşı hallarını dəyişdirmədikləri müddət ərzində Allahın izni ilə cənnətlik olacaqlarını deyib. Bu belə bir müjdədir. Bu müjdə təkcə onlar üçün deyil, iman gətirən və əməli-saleh olan hər müsəlman üçün qüvvədədir. Aşağıdakı ayə də bunu açıq-aydın göstərir:

“Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!”. (Beyyinə, 98/7-8)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.