Sual: Müsəlman çörək yediyi vaxt yeməyi saxlayıb dua etməlidir? Bu, peyğəmbərin sünnəsidir? Muhəmməd peyğəmbər özü yeməyin ortasında dua edibmi?
Cavab: Biz bu məsələ ilə əlaqədar olaraq hədis kitablarına baxdıq. Lakin belə bir hədisə rast gələ bilmədik. Mənbələrdə qeyd edilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) çörək yeməyə başlamamışdan qabaq bismillah çəkir və bismillah deyilməyini başqalarına da məsləhət görürmüş. Əlavə olaraq, deyirmiş ki, əgər bir şəxs yeməkdən əvvəl bismillah deməyi yaddan çıxardıbsa, yeməyin ortasında və ya axırında desin. Peyğəmbər duanı çörək yeyib qurtardıqdan sonra edirdi. Bununla bağlı hədis rəvayətləri aşağıdakı kimidir:
Aişədən (r. a.) nəql edilir ki, peyğəmbər (s. a. v.) belə buyurub:
“Sizin aranızdan bir nəfər çörək yediyi vaxt bismillah çəksin. Əgər yeməyə başladığı vaxt bunu yaddan çıxartsa, yadına düşdüyü vaxt: “Əvvəldən axıra qədər bismillah”, – desin”. ((MƏNBƏ: Əbu Davud, Ətimə (yeməklər, təamlar), 15; Tirmizi, Ətimə, 47.))
Ümeyyə ibn Mahşi (r. a.) nəql edir:
“Bir gün Allahın elçisi (Muhəmməd peyğəmbər) oturmuşdu. Bir nəfər onun yanında çörək yeyirdi. Bismillah deməyi unutmuşdu. Yeməyini yeyib qurtardı, axırıncı tikəni yediyi vaxt: “Əvvəlində də, axırında da bismillah olsun”, – dedi. Bunu görən peyğəmbər güldü və sonra belə dedi:
“Şeytan bu adamla birlikdə yemək yeyirdi. O, Allahın adını çəkən kimi şeytan nə yemişdisə, qusdu”. ((MƏNBƏ: Müslim, Əşribə, 103; İbn Macə, Dua, 19; Əbu Davud, Ətimə, 15; Əhməd ibn Hənbəl, 3/344.))
Əbu Ümamədən (r. a.) rəvayət edilir ki, peyğəmbər (s. a. v.) süfrəni yığışdırdığı vaxt belə deyirmiş:
“Ey Rəbbimiz! Sənə tərtəmiz hislərlə, azalmayıb artan, dərgahından geri qaytarılmayıb qəbul edilən saysız-hesabsız həmd ilə həmdu-səna edirik”. ((MƏNBƏ: Buxari, Ətimə, 54. Əlavə olaraq baxın: Əbu Davud, Ətimə, 52; Tirmizi, Dəavat, 55; İbn Macə, Ətimə, 16.))
Muaz ibn Ənəs (r. a.) rəvayət edir ki, peyğəmbər belə buyurdu:
“Bir şəxs çörək yedikdən sonra: “Mənə bu yeməyi yedirdən (neməti verən), mənə özümün hansısa nəticəni yaradacaq bir güc-qüvvə sərf etmədən qismət edən Allaha şükürlər olsun”, – desə, keçmiş günahları bağışlanır”. ((MƏNBƏ: Əbu Davud, Libas, 1; Tirmizi, Dəavat, 56; İbn Macə, Ətimə, 16.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.