Sual: Mən bir kitabda oxumuşam ki, Bərat gecəsi 100 rükət namaz qılmaq lazımdır. Özü də orada yazılıb ki, gərək hər rükətdə Fatihə surəsini və 10 dəfə İxlası oxuyasan. Belə bir şey dində var, yoxsa sonradan qondarılıb?
Cavab: Bərat, “borcdan çıxmaq”, “təmizlənmək” mənasına gəlir. Bir çox təriqət mənsubları bu gecənin Şaban ayının 15-ci gecəsinə təsadüf etdiyinə və bu gecədə: “Allahın yer üzü səmasına nazil olacağına, ibadət edən qullarını əfv edəcəyinə” dair bir çox əsassız rəvayətlər uydururlar.
Mənbələrin bildirdiyinə əsasən Bərat gecəsinə məxsus nə bir namaz nə bir oruc yoxdur. Lakin, buna baxmayaraq bəzi din xadimləri, məsələn; Əbu Hamid Qəzali belə bir rəvayət nəql edib ki, bu gecə 100 rükət namaz ((Hər rükətdə Fatihədən sonra 11 İxlas oxumaq şərti ilə.)) və ya hər rükətində Fatihədən sonra 100 dəfə İxlas oxunan 10 rükət namaz qılmaq çox böyük savabdır. ((İhyau ulumi-d-din, 1-ci cild, s. 203.))
Zeynəddin əl-İraqi və Nəvəvi kimi alimlər bildiriblər ki, bu rəvayətin heç bir əsli və əsası yoxdur. Belə ki, həmin namazın bidət olduğunu qeyd edən Nəvəvi belə bir xəbərdarlıq edir: Bu məsələdə Qutu-l-qulub və İhyau-ulumi-d-din əsərlərindəki rəvayətə aldanmaq olmaz! ((Əl-Məcmu’, 4/56.))
Əli əl-Qari də bu rəvayətin uydurma olduğunu bildirərək Bərat gecəsi namazının hicri 400-cü ildən (miladi 1010-cu il) sonra Qüdsdə meydana gəldiyini qeyd edir.
Bir rəvayət də var ki, bu namaz ilk dəfə hicri 448-ci ildə (miladi 1056) Qüdsdə yerləşən Məscidi-Əqsada qılınıb və vaxt keçdikcə çox geniş yayılıb. Ona görə də müstəhəb namaz kimi qəbul olunmağa başlanıb”. ((MƏNBƏ: Halit Ünal, Türkiyə diyanet vakfı İslam ensiklopediyası, “Berat Gecesi” bəndi, 5-ci cild, s. 475. Türk dilində.))
Nəticə etibarilə, Şaban ayının 15-ci gecəsi də digər gecələr kimi bir gecədir, bu gecəyə aid nə bir zikr nə də bir ibadət yoxdur və bu barədə nəql edilən rəvayətlərin hamısı zəif və uydurmadır.
Qəndillər və qəndil gecələri barədə ətraflı məlumat üçün aşağıdakı yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/422.html
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.