Müsəlmanlar
Şəfalı daşları alıb işlətmək günahdır?

Şəfalı daşları alıb işlətmək günahdır?

Sual: Mənim qardaşımda kristal kvartz (crystal quartz) deyilən bir daş var. Deyəsən xalq dilində buna çaxmaq daşı deyirlər. Qardaşım hər gün onu əlinə alıb belə deyir: “Niyyət edirəm yüklənən reikinin axmağına və şəfa olmağı üçün”. O elə hey daşa baxır və öz-özünə danışıb belə deyir: “Mən xoşbəxtəm, mən çox rahatam, mənim çoxlu pulum var, mən pullu oğlanam”. Daşı qardaşıma verən adam tapşırıb ki, onu hər gün əlində tut və ona bəzi sözləri deyib proqramla. Guya insanın diləkləri sanki həyata keçibmiş kimi danışanda deyilən sözlər həqiqətə çevrilirmiş. Misal üçün, əgər maşın almaq istəyirsənsə, deyirsən ki, mənim maşınım var. Sonra həqiqətən də, maşının olurmuş. Biz evdə qorxuruq ki, qardaşımın başı xarab ola. Görəsən, İslamda şəfalı daşları alıb bu cür istifadə etməyə necə baxılır? Bu günahdır?

Cavab: Şəfalı olduğuna inanılan daşları alıb istifadə etmək olar. Bunda bir problem yoxdur. Bu bir müalicə vasitəsi kimi qəbul olunur. Ancaq daşları proqramlamaq kimi bir şeyin İslamda heç bir yeri yoxdur. Dilək tutub daşlardan nəsə istəmək və daşlara həmin şeyi demək, eləcə də daşdan nəsə bir şey gözləmək İslama ziddir.

Quran ayələrinə baxdıqda məlum olur ki, dünyanı da, axirəti də istəyən insanlar mütləq işləməlidirlər. Bu, Allahın qanunudur. Allah bu barədə müsəlman və kafir arasında fərq qoymayıb. Hamı işləməlidir. Allah Təala belə buyurur:

“Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.

Biz hamıya – onlara da (dünyanı istəyənlərə), bunlara da (axirəti istəyənlərə) Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir”. (İsra, 17/18–20)

“Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq”. (Ali-İmran, 3/145)

“Kim dünya həyatını və onun bər-bəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər (onlara dünyada əsla haqsızlıq olunmaz).

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar”. (Hud, 11/15-16)

“Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz”. (Şura, 42/20)

“İnsanların bəziləri: “Ey Rəbbimiz! Bizə nə verəcəksənsə, elə bu dünyada ver!”, – deyirlər. Onların axirətdə heç bir payı yoxdur!

Onların bəziləri də: “Ey Rəbbimiz, bizə bu dünyada da, axirətdə də gözəllik ver! Bizi cəhənnəm əzabından qoru!”, – deyirlər.

Məhz onlara qazandıqlarına [əməllərinə] görə axirətdə bir pay vardır! Allah haqq-hesabı tez çəkər!”. (Bəqərə, 2/200-202)

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Onun əməyinə (çalışmağına) baxılacaq. Sonra əvəzi tamamilə veriləcək”. (Nəcm, 53/39-41)

“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Nəhl, 16/97)

QEYD: Qardaşınızda hansısa psixi problemlərin olduğunu düşünürsünüzsə, dərhal həkimə müraciət edin. Biz sadəcə olaraq sizin soruşduğunuz suala cavab veririk. Yəni, bu məsələnin təkcə dini tərəfini izah etməyə çalışırıq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.