Sual: Quranda deyilir ki, cəmiyyətdə zəkatın verilməli olduğu təbəqələrdən biri də miskinlərdir. Miskin kimə deyilir? Quranda bu barədə məlumat var? Miskinin fəqirdən (kasıb) fərqi nədir? Görəsən, miskin öz vəziyyəti baxımından fəqirdən də aşağı səviyyədə olanlara deyilir?
Cavab: Miskin (مسكين) sözü sakin olmaq, qurtarmaq, susmaq, dayanmaq, öz hərəkətini başa vurmaq mənaları daşıyan s-k-n (سكن) kökündən əmələ gəlib. Bəziləri deyirlər ki, fəqirliyin yer etdiyi şəxs miskin adlandırılıb. Ona görə də miskinin vəziyyəti fəqirin vəziyyətindən pisdir. Bu, səhv bir fikirdir. Çünki bu məna ismi-məful ((Ərəb dilində feli sifətlərin mühüm bir qismini “fail” və “məful” adlanan feli sifətlər təşkil edir. Bunlarla bildirilən keyfiyyət hərəkətlə bağlı olduğu üçün fail “iş icra edən” və “məful” “üzərində iş icra olunanı” bildirən sifət hesab edilir. Qrammatik ədəbiyyatda birincisinə “feli sifətin indiki zamanı”, ikincisinə “feli sifətin keçmiş zamanı” da deyilir – Ə. C. Məmmədov, Ərəb dili, Bakı-Ankara, 1999, s. 296.)) mənasıdır. Halbuki, miskin sözündə ismi-fail mənası var; düşkün olan deməkdir.
Fəqir və miskin zəkat məsələsində eyni kateqoriyaya daxildir. Alimlər bu barədə həmfikirdirlər. Fikir ayrılığı isə bu sözlərin daşıdıqları məna məsələsində yaranıb. Bəzi alimlər miskinin halının fəqirin halından pis olduğunu deyiblər. Əbu Hənifə də bu fikri mənimsəyənlər arasındadır. O belə deyir: “Fəqir az bir şeyi olan şəxsdir. Miskin heç bir şeyi olmayandır”. ((Mərğinani (vəfatı 1197-ci il), əl-hidayə şərhu bidayətil-mübtədi, İstanbul, 1991, II cild, s. 112.)) İmam Şafii isə bunun tamamilə əksini deyib. ((İbnul-Əsir (vəfat tarixi 1210-cu il), ən-nihayə fi ğaribil-hadis, hazırlayan Mahmud Mühəmməd Ət-Tinahi, Beyrut, III cild, s. 335.))
Kəhf surəsinin 79-cu ayəsinə baxıldıqda məlum olur ki, miskinin vəziyyəti fəqirinkindən yaxşıdır. Çünki bu ayədə Musa peyğəmbərə (ə. s.) gəminin deşilməsinin sirri belə danışılır: “O gəmi dənizdə işləyən bir dəstə yoxsulun (miskin) idi (اما السفينة فكانت لمساكين)”.
Buradan belə başa düşmək mümkündür ki, Qurani-Kərimdə haqlarında məsakin (miskin sözünün cəm forması) sözü işlədilən həmin şəxslərin gəmisi varmış. Deməli, miskin heç bir şeyi olmayan demək deyil.
İndi isə gəlin bu fikri dəstəkləyən hədisə nəzər salaq. Qeyd edək ki, kütubu-sittədə ((Altı kitab deməkdir. Əhli-sünnə tərəfindən ən mötəbər hədis qaynaqları olaraq qəbul edilən kitablar nəzərdə tutulur. Həmin kitablar bunlardır: Səhihi-Buxari, Səhihi-Müslim, Sünəni-Nəsai, Sünəni-Tirmizi, Sünəni Əbu Davud, Sünəni İbn Macə.)) ancaq Buxari və Nəsaidə nəql edilən bu hədisi Buxari Bəqərə surəsinin 273-cü ayəsini izah etmək üçün rəvayət edib. Əbu Hüreyrənin nəql etdiyi hədisdə Mühəmməd peyğəmbər (ə. s.) belə buyurub:
Miskin bir-iki loğma və bir-iki xurmadan ötrü qapı-qapı gəzən deyil; əksinə, möhtac olmaqdan (ehtiyacdan) xilas olmaq üçün zənginlik tapmayan, sədəqə vermək üçün (insanlar tərəfindən) fərqinə varılmayan, özü də durub camaatdan nəsə istəməyən şəxsdir. ((Buxari, Zəkat, 53; Nəsai, Zəkat, 76.))
Bu hədisdən belə bir nəticə çıxır ki, miskin bir loğma yemək, yaxud bir-iki dənə xurma üçün çölə-bayıra çıxmır. Yoxsulluğa da üzü öyrəşməyib ki, insanlardan bir şey istəyib alsın. ((Əbu Cəfər Əhməd ibn Mühəmməd Ət-Təhavi (vəfat tarixi 321/933-cü il), əhkamul-Quran, editor Saadettin Önal, İstanbul, 1995, I cild, s.361-362.))
Beləliklə, miskin və fəqir arasındakı fərq məlumdur. Kəhf surəsində haqqında danışılan dəstə miskinlərdən ibarətdir; lakin yoxsulluq onlarda xroniki hala gəlməyib. Fəqirin yoxsulluğu isə xroniki və uzun müddətlidir. Elə isə miskinə belə bir tərif vermək mümkündür: Onu varlılıq səviyyəsinə çatdırmayan mal-mülkü olan, bəzi vaxtlarda da gündəlik ehtiyacını ödəyə bilməyən şəxs. ((Geniş məlumat üçün baxın: Lisanul-Ərəb lüğəti, s-k-n (سكن) bəndi.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.