Sual: Bizim üçün Muhəmməd peyğəmbərin təkcə ibadət etmək məqsədi ilə etdiyi hərəkətləri sünnədir? Yoxsa bütün hərəkətləri?
Cavab: Peyğəmbərimizin (s. a. v.) hərəkətləri 3 yerə bölünür:
1) Bir insan (bəşər, bəşər övladı) kimi gördüyü iş və əməllər. Bunlar fiqh üsulu elmində “əl-əfau-l-cibilliyyə” adlandırılır. Yəni, onun yeyib-içdiyi, geyindiyi şeylər. Bunların hökmü ibahədir. Yəni, insan bu işləri görüb görməməkdə azaddır. Çünki peyğəmbər bunları Allahın elçisi kimi deyil, bir insan olaraq edib. Ancaq bir nəfər durub desə ki, mən peyğəmbərə oxşamaq üçün onun kimi olmaq istəyirəm, bu vaxt ola bilər ki, niyyətindəki səmimiliyinə görə Allah dərgahında savab qazansın.
2) Peyğəmbərin özünəməxsus əməlləri. Bunlar təhəccüd namazının ancaq onun özünə vacib olması, dörddən artıq qadınla evlənməyi kimi şəri-dini bir dəlillə müəyyən olunmuş şeylərdir. Müsəlmanlar onun bu əməllərini dəlil kimi götürə bilməzlər. Bunları əsas tutub eyni işləri görə bilməzlər. Çünki bunlar ancaq peyğəmbərə məxsusdur.
3) Peyğəmbərin müsəlmanlar üçün nümunə olan hərəkət və əməlləri. Peyğəmbərin namazı qılmaq qaydası, oruc tutmağı, Həccə getməyi və oxşar əməllərini yerinə yetirmək şərtdir. Çünki o bu kimi əməlləri öz istək və həvəsi ilə deyil, məhz Qurandan çıxartdığı hökmlərə əsaslanaraq yerinə yetirmişdir.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.