Müsəlmanlar

Böyük günahlar hansılardır? Böyük günah törədən kafirdir?

Sual: Böyük günahlar hansı günahlardır? Böyük günahlardan birini edən şəxs kafir hesab olunur?

Cavab: İslam dini ədəbiyyatında böyük günahlara “kəbair” deyilir. Əsas böyük günahlar aşağıdakılardır:

Allaha şərik qoşmaq (şirk), adam öldürmək, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), Məkkənin harəm ərazisində günah etmək, faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq.

Əgər bir müsəlman bunları lağa qoymadan, ürəyində təsdiq etdiyi halda, böyük günah törətsə, dindən xaric olub kafir halına gəlməz.

Böyük günahların ən böyüyü Allahı və əmrlərini ikinci plana atmaqdır. Bunu edənlər, Allahın bəzi xüsusiyyətlərinə malik hesab olunan başqa bir varlığı ya da öz mənfəətlərini birinci plana keçirməkdədir. Buna şirk (Allaha ortaq qoşmaq) deyilir. Bu günah “əkbəru-l-kəbair” (böyük günahların ən böyüyü) adlanır.

“Allah şirki bağışlamaz. Onun xaricindəkiləri bağışlanmağa layiq olan şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, Ona böyük bir böhtan atmış olar.” (Nisa, 4/48)

Günahların böyük və kiçik kimi 2 qrupa bölünməsi Quran ayələri və peyğəmbər hədisləri ilə sabitdir. Bununla əlaqədar ayələr belədir:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik.” (Nisa, 4/31)

“Onlar (möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinirlər. Hirsləndikləri vaxt da eyibləri bağışlayırlar.” (Şura, 42/37)

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır. O sizi torpaqdan yaratdığı vaxt və siz analarınızın qarınlarında olduğunuz vaxtda da sizi ən yaxşı tanıyandır. Bunun üçün özünüzü təmizə çıxartmayın. Çünki O, pis işlərdən uzaq durub çəkinəni yaxşı bilir.” (Nəcm, 53/32)

“De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (Ənam, 6/151-153)

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.

Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.

Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də )azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür.

Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!

Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.

Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.

Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış və qo­­vulmuş halda Cəhənnəmə atılarsan.” (İsra, 17/23-39)

Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Fəlakətə aparan 7 şeydən uzaq durun”.

Bu sözün üstündən insanlar soruşdular ki, o şeylər nədən ibarətdir?

Peyğəmbər cavab verdi:

“Allaha şərik qoşmaq, sehr-cadu, haqsız yerə Allahın toxunulmaz etdiyi bir cana qıymaq, faiz yemək, yetimin malını yemək, düşmənə hamılıqla hücum etmək lazım olduğu halda, müharibədən yayınmaq və pis yolla heç bir əlaqəsi olmayan namuslu mömin qadınlara zina böhtanı atmaq.” (Buxari, Səhih, vəsaya, 23; Müslim, Səhih, İman, 145 (89)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.