Müsəlmanlar

Səcdədə öz dilimizdə dua edə bilərikmi?

Sual: Məlum olduğu kimi, Muhəmməd peyğəmbər bəndənin Allaha ən yaxın olduğu vaxtın səcdə vaxtı olduğunu bildirib. Deyib ki, bu an səcdə anıdır, səcdədə çoxlu dua edin. Bəs səcdədə Azərbaycan dilində dua etmək olar? Ümumiyyətlə, hər millət öz dilində dua edə bilər?

Cavab: Əlbəttə. Peyğəmbərin (s. a. v.) belə buyurduğu nəql edilir:

“Bəndə öz Rəbbinə ən çox səcdədə yaxın olur. Elə isə səcdədə çox dua edin.” (Müslim, Səlat, 215 (482); Əbu Davud, Səlat, 152)

Muhəmməd peyğəmbər (s. a. v.) özü də səcdə etdiyi vaxt müxtəlif dualar edib. Bu dualar hədis kitablarında təfsilatla nəql olunub. Onlardan bəziləri aşağıdakı kimidir:

“Allahumməğfirli: Allahım, məni bağışla.”

“Allahumməğfirli zənbi kulləhu diqqahu və cilləhu və əvvələhu və axirəhu alaniyyətəhu və sirrahu: Allahım, mənim bütün günahlarımı, kiçik, böyük, ilk, axır, açıq-aşkar və gizli günahlarımı bağışla.”

Bu dualarla hədislərlə həzrəti peyğəmbərin namazı barədə məlumat verən kitablarda tanış ola bilərsiniz.

Peyğəmbərin bu dualarına baxdıqda məlum olur ki, bunlar Quran ayəsi deyil. Yəni, o, dua edərkən özünün ürəyindən gəldiyi kimi edib. Bu da onu göstərir ki, namazda səcdədə təsbihatdan sonra istənilən duanı istənilən dildə etmək olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.