Müsəlmanlar
İslamda zorlamağın cəzası

İslamda zorlamağın cəzası

Sual: Quran və Sünnəyə əsasən təcavüz edən bir nəfərə necə cəza verilir? İslam hüququnda zorlama halları üçün hansı cəzalar nəzərdə tutulur?

Cavab: Belə bir insana 3 cür cəza verilir:

1) Zina cəzası: Bu, 100 dəyənək vurmaq və namuslu biri ilə evlənməmək qadağasıdır. Belə bir insan özünü tamamilə islah edib düzəldənə qədər abır-həyalı mömin bir insanla evlənə bilməz. Allah Təala belə buyurur:

Zinakar kişi və zinakar qadının hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində [bu işi icra edərkən] ürəyiniz onlara qarşı yumşaq olmasın. Mö’minlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun [öz gözləriylə görsün].”

Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb. (Nur, 24/2-3)

Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, rəhm sahibidir. (Nur 24/5)

2) Təcavüz cəzası: Allah belə deyir:

“(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (Nəhl, 16/126)

Bu məsələdə belə bir şəxsə (zorlayan, təcavüz edən) törətdiyi cinayətə müvafiq cəza Allahın qadağan etdiyi bir əməl olduğuna görə tətbiq oluna bilməz (zorlayanı zorlamaq olmaz). Yəni, onun əvəzinə başqa bir cəza, təzminata hökm vermək lazımdır. Bu da o qızın (zorlanan, təcavüzə məruz qalan) özünə tay bir qızın mehri qədər bir mehirin ödətdirilməsi formasında ola bilər.

3) Təzir cəzası: Əgər bu şəxs zorlama aktını tamamən həyata keçirə bilməsəydi belə, (yenə də) tutduğu murdar iş (zorlama) cəzasız qala bilməz. Ona görə də onun halına müvafiq bir cəza verilməlidir. Bu isə səlahiyyətli orqana – məhkəməyə həvalə edilir. Peyğəmbərimizin buna oxşar bir vəziyyətdə tutumu belə olub:

Bir dəfə insanlar peyğəmbərdən ağaclardan meyvə dərib yeməklə əlaqədar bir sual soruşdular.  O da belə cavab verdi:

“Ehtiyacı olduğuna görə ondan yeyən, amma ətəyinə qoyub aparmayana bir şey (cəza tətbiq etmək) lazım deyil. Kim özü ilə aparsa, bunu ikiqat ödəməlidir. Ona əlavə olaraq, bir cəza da verilməlidir”. ((Əbu Davud, Luqətə, 1.))

Ağacdakı meyvəni qırıb ətəyinə (cib, çanta və ya başqa bir şeyə) qoyan və özü ilə aparan 3 cinayət törədir: Birini meyvə ağacının yiyəsinə, digərini cəmiyyətə, o birini isə Allaha qarşı. Bu halda ağacın yiyəsinə oğurladığı meyvəni və bir o qədərini ödəməlidir. Başqa sözlə desək, 2 kq meyvə oğurlayıbsa, 4 kq ödəməlidir.

Bu şəxs mülkiyyətin təhlükəsizliyini aradan qaldırdığına görə cəmiyyətə qarşı da cinayət törətmiş hesab olunur. Bu cinayətin cəzası səlahiyyətli orqanın qərarından asılıdır.

Həmin şəxs Allaha qarşı etdiyi günahdan da tövbə etməlidir. Zorlama hallarında namus təhlükəsizliyinə xələl gətirdiyinə görə zorlayan şəxsə cəza olaraq başqa bir cəza da vermək lazımdır. Bu da səlahiyyətli orqana həvalə edilməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.