Müsəlmanlar

Malikilər əli açıq namaz qılırlar. Bunun səbəbi nədir?

Sual: Maliki məzhəbinə mənsub olan müsəlmanlar namaz qıldıqları vaxt təhrimənin ardınca (iftitah təkbirindən sonra. İftitah təkbiri namaza başladıqda: “Allahu Əkbər”, - deməkdir.) əllərini bağlamırlar. İctihadları belədir; əli açıq namaz qılırlar. Şübhəsiz ki, bunun dində bir əsası var. Elə deyilmi? Muhəmməd peyğəmbər namazı necə qılıb? Əli bağlı, yoxsa açıq? Bu məsələ ilə əlaqədar hədis var? Ümumiyyətlə bu məsələni necə qiymətləndirmək lazımdır?

Cavab: Malikilər qiyas (müqayisə, analogiya) metoduna əsaslanaraq belə bir fikrə gəliblər ki, namazda əlləri bağlamaq lazım deyil. Onlar bu məsələni namaz üstündə bir yerə və bir şeyə söykənməklə müqayisə ediblər. Bu məzhəbin banisi olan imam Malik ona namazda əlləri bağlamaqla əlaqədar bir məlumat gəlmədiyini, buna görə də vacib namazlarda əlləri açıq saxlamaq lazım olduğunu bildirib. Onun fikrinə görə müstəhəb namazlarda qiyam (ayaq üstə durmaq) çox çəksə, əlləri bağlamaq olar. ((Baxın: Səhnun ibn Səid ət-Tənuhi, əl-müdəvvənətu-l-kübra, Misir, 1-ci cild, s. 74.))

Malikilərin bu haqda ikinci bir dəlilləri də var: Belə ki, peyğəmbərin namazda əllərini bağladığına dair hədislər digər hədislərdən, yəni, peyğəmbərin əli açıq namaz qıldığını bildirən hədislərdən azdır. Buna baxmayaraq bəzi Maliki alimləri imam Malikdən nəql olunan başqa bir fikrə əsasən namazda əlləri bağlamağı münasib hesab etmişlər. Onlar bunu həm bir sıra hədislərə uyğun hesab etmiş, həm də namazda xuşu halına daha müvafiq olduğu üçün qəbul etmişlər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.