Sual: Belə bir söz var ki, məscidlərdə cəm halda qılınan namazlarda camaat (namaz qılanlar) ya pişnamazı (imam-camaat), ya da pişnamazı görəni görməlidir. Halbuki, indiki dövrdə məscidlərin çoxunda bu şərti yerinə yetirmək mümkün deyil. Məscidlərin alt mərtəbələrində namaz qılan camaat nə pişnamazı görür, nə də onu görənləri. Bu problemi aradan qaldırmaq üçün ya mehrabın, ya da müəzzinin durduğu yerin yanından bir deşik açırlar. Beləcə, pişnamaz və ya müəzzin alt mərtəbədəki camaatı görür. Dində bununla bağlı konkret bir fikir var?
Cavab: Camaat pişnamaza tabe olmaq üçün gərək onu ya görsün, ya da səsini eşitsin. Pişnamazı görəni görmək, yaxud da ara təkbirlərlə camaata xəbər verən bir nəfərin səsini eşitmək kifayətdir.
Məscidlərin üst mərtəbəsindən alt mərtəbəsinə bir deşik açmaq elektrik enerjisinin olmadığı vaxtlarda (mikrofonun işləmədiyi hallarda) altda olan camaatın namazının kəsilməməyinə hesablanmışdır.
Bu məsələ ilə əlaqədar bir ayə və hədis yoxdur. Bu tamamilə ehtiyacdan yaranmış bir şeydir.