Sual: Demokratiyaya inanmaq, onu mənimsəmək və seçkidə iştirak edib kiməsə səs vermək kafirlikdir? Bəziləri belə deyirlər ki, seçkidə iştirak etmək küfrdür. Bu nə dərəcədə düzdür?
Cavab: Quranda və Sünnədə sərhəd və müəssisələri müəyyən edilmiş, yəni, konkret tərifi olan bir dövlət forması yoxdur. Tarixə baxdıqda da görürük ki, əshabələrdən hər birinin qurduğu dövlət digərinin qurduğu dövlətdən fərqli xüsusiyyətlərə malik olub.
Misal üçün, xəlifə Əbu Bəkr əshabələrdən bəziləri tərəfindən xəlifə seçilib. Ömər Əbu Bəkrin vəsiyyəti ilə, Osman isə Ömər tərəfindən qurulan bir heyətin rəyi ilə xəlifə olub. Həzrəti Əli isə o dövrdəki fövqəladə şərait qarşısında bir növ məsuliyyət və məcburiyyət hiss edərək xəlifəliyi qəbul edib.
Davud peyğəmbər Talutun yerinə keçib, hökmdar olub. Süleyman peyğəmbər isə öz atasının – Davudun yerinə keçib. Talut da Allahdan gələn bir vəhyə əsasən bu vəzifəyə gəlib.
Bu misalları şübhəsiz ki, çoxaltmaq olar.
Əsas odur ki, ictimai sabitliyi (təhlükəsizlik, asayiş) təmin edən, haqq-hüquq və azadlığa rəayət edən, sosial problemləri həll etməyə çalışan bir dövlət olsun. Bu cür bir dövlətin forması vəziyyət və şərtlərdən asılıdır və bu amillərə əsasən müəyyən edilir.
Hakimiyyətə gələn şəxsləri səsvermə (seçki) yolu ilə müəyyənləşdirməyi qadağan edən dini bir şey yoxdur. Başqa sözlə desək, demokratiya bir dövlət idarəsi formasıdır. Bunun və səs verməyin (seçkidə iştirak etmək) iman və yaxud kafirliklə əlaqəsi yoxdur. Ancaq insanlar hər şeydən olduğu kimi, demokratiyadan da öz pis məqsədləri üçün vasitə kimi istifadə edə bilərlər.
Qısa desək, səs vermək kafirlik deyil.
Zəhmət olmasa, bu məsələ ilə əlaqədar olaraq verdiyimiz cavablara bir daha nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/2750.html
http://www.muselmanlar.com/fitvalar/2755.html
http://www.muselmanlar.com/fitvalar/2756.html
QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.