Sual: İslam dininə şifahi və ya yazılı şəkildə hücum edənləri, yəni, İslamın düşmənlərini, xristian missionerləri və hicabı qadağan edənləri öldürmək olar? İslamda buna icazə var?
Cavab: Allah Quranda belə deyir:
“Allah din barəsində sizinlə müharibə etməyən, sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qarşı ədalətli olmağınızı qadağan etməz; düzü, Allah ədalətli olanları sevər.
Allah ancaq sizinlə dininizə görə vuruşan, sizi yurd-yuvanızdan qovan və qovulmağınıza kömək edən kafirləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9.)
Yuxarıdakı ayələrə əsasən müsəlman 3 “qırmızı xətt”i tapdayanlarla vuruşa bilər. Yəni, o biri tərəf müsəlmana ya fiziki olaraq müharibə elan edəcək, ya onu öz torpağından qovub çıxardacaq, ya da onları dəstəkləyəcək ki, ona qarşı döyüşsün. Bunların xaricində heç bir kafiri öldürmək olmaz. Ümumiyyətlə, müharibə İslam dinində kiməsə səbəbsiz yerə hücum etmək kimi qiymətləndirilmir; əksinə, müdafiə olunma vasitəsi hesab edilir.
Sizin sualınızda qeyd etdiyiniz hallar isə aşağıdakı ayənin məzmununa daxildir:
“Siz mallarınız və canlarınızla çətin bir imtahandan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən çox təhqiramiz sözlər eşidəcəksiniz. Əgər səbr edib qorunsanız, əlbəttə, bu, əzm lazım olan işlərdəndir”. (Ali-İmran, 3/186.)
İslam dinində müsəlmanlara təhqiramiz sözlər deyən və onları bu cür təhqir edənlərə qarşı səbrli, tədbirli və qərarlı olmaqdan başqa bir yol göstərilməyib. Hətta belə sözlər peyğəmbərimizə qarşı sərf edilsə belə, biz, onların səviyyəsinə düşüb əxlaqsız sözlərdə və davranışlar sərgiləməməliyik.
Müsəlmanların müsəlman olmayanlarla münasibətləri məsələsinə dair geniş bir yazını oxumaq üçün aşağıdakı keçidə baxın:
http://www.muselmanlar.com/fitvalar/434.html
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.