Müsəlmanlar

Övlad itirmək və ağlamaq

Sual: Mən 5 aylıq hamilə idim. Qəfildən sancılandım və ekiz uşaqlarımı ölü halda dünyaya gətirdim. Allahdan gələn hər şeyə razıyam, çox şükür. Amma arada elə olur ki, çox pis olub ağlayıram. Kədərlənmək və ağlamaq dini cəhətdən nə dərəcədə düzgündür? Bu günah deyil ki?

Cavab: Sizin başınıza gələn hadisə Allahın bu dünya üçün qoyduğu imtahan qayda-qanununa əsasən baş verib. Quranda bu barədə belə deyilir:

“Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Bəqərə, 2/155-157)

Bu məsələ ilə əlaqədar çoxlu hədis də var. Biz burada həmin hədislərdən bir neçəsini qeyd edirik:

“Bu iman əhlinin işi təəccüblüdür. Bütün işləri xeyirli (bu ancaq möminə məxsusdur) olanda, başına sevinməli bir iş gələndə şükr edir və haqqında xeyirli olur. Bir zərərə məruz qaldıqda səbr etsə, bu da onun üçün xeyirli olur”. ((Müslim, Zühd, 64.))

İnsanın başına gələn bu kimi müsibətlərdən sonra Allaha asi olmamaq və Oun əmrinə boyun əymək şərti ilə qəmlənmək və ağlamağın bir eybi yoxdur. Muhəmməd peyğəmbər (s. a. v.) də öz uşaqları və nəvələri öldüyü vaxt ağlayıb. Bu barədə hədis rəvayətləri var.

Ənəs ibn Malik (r. a.) nəql edir:

“Rəsulullah (s. a. v.): “Bu gecə bir oğlum oldu. Ona atam İbrahimin adını qoydum”, – dedi. (Sonra Ənəs) hədisi (n qalan hissəsini də) rəvayət etdi. (Ənəs sözlərinə davam edib belə) dedi: “Mən (bir müddətdən sonra) o uşağın peyğəmbərin hüzurunda can verdiyinə şahid oldum. (O vaxt) peyğəmbərin gözlərindən yaş axdı. (Belə) dedi:

“Göz yaşarır (ağlayır), könül qəm-qüssə yeyir, ancaq biz Rəbbimizin razı olduğu sözlərdən başqa sözlər demərik. Ey İbrahim, biz sənin (ölümün) lə həqiqətən, kədərləndik”. ((Buxari, Cənaiz, 43; Müslim, Fəzail, 62; Əbu Davud, Cənaiz, 23-24; İbn Macə, Cənaiz, 53.))

Yenə Ənəs ibn Malik nəql edir:

“Biz peyğəmbərin bir qızının (Ümmü Gülsümün) meyyit namazında iştirak etdik. Peyğəmbər qəbrin bir tərəfində oturmuşdu. Mən gördüm ki, peyğəmbərin iki gözündən yaş axır”. ((Buxari, Cənaiz, 32.))

Üsamə ibn Zeyd (r. a.) nəql edir:

“Peyğəmbərin qızı (Zeynəb) ona xəbər yolladı ki, oğlum ((Başqa bir rəvayətdə “qızım” kimi qeyd olunub.)) ölür, bura gəl (in). Peyğəmbər isə qızına salam yollayıb belə dedi:

“Allahın aldığı və verdiyi hər şey Allaha məxsusdur. Hər şeyin Allahın dərgahında müəyyən edilmiş bir müddəti, ömrü var. Odur ki, qızım, səbr et və yadına sal ki, bu səbrin Allahın yanında savabı var”.

Bu dəfə Zeynəb peyğəmbərə and verərək: “Mütləq gəlin”, – deyə xəbər göndərdi.

Bu xəbərdən sonra peyğəmbər ayağa durdu. Yanında əshabələrdən Səd ibn Übadə, Muaz ibn Cəbəl, Übeyy ibn Kəb, Zeyd ibn Sabit və bir dəstə  başqa insan da var idi. Zeynəbin evinə gəldilər. Uşağı peyğəmbərin qucağına verdilər. Uşaq can üstə idi. Tərpənirdi. Peyğəmbərin gözlərindən yaş axdı. Səd ibn Übadə soruşdu ki, ya peyğəmbər, bu nə ağlamaqdır?

Peyğəmbər bu suala belə cavab verdi:

“Bu göz yaşı bir rəhmətdir. Elə bir rəhmət ki, Allah onu Öz bəndələrinin içinə daxil edib (onlara belə bir hiss verib). Allah ancaq bəndələrindən mərhəmətli olanlara mərhəmət edər”. ((Buxari, Cənaiz, 32, 43, Mərza, 9, Əyman, 9, Tövhid, 2; Müslim, Cənaiz, 11; Əbu Davud, Cənaiz, 23-24; Nəsai, Cənaiz, 13, 22; İbn Macə, Cənaiz, 53; Əhməd ibn Hənbəl, 1/268, 273.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.