Sual: Bəzi insanlar pirin ətrafında durur və başlarını aşağı əyib Fatihə oxuyurlar. Onlar belə inanırlar ki, pirdəki cəsəd çürümür, onları görür və eşidir. Fatihə surəsini mütləq pirin içində oxumaq lazımdır, yoxsa qıraqdan da olar? Şəxsən mən bir az kənarda durub Fatihə verdim. Həm də mən meyyitin çürümədiyinə və məni eşitdiyinə bir o qədər də inanmıram. Bu məsələni dini cəhətdən necə qiymətləndirmək lazımdır?
Cavab: Ölənlər üçün edilən duanın yeri vacib deyil. Qəbir ziyarəti məsələsində əsas məsələ budur: Bu ziyarət qəbir üstünə gedən insana ölümü xatırladır. Muhəmməd peyğəmbər (s. a. v.) qəbir üstünə getməyi tövsiyə edib. O, bu barədə belə buyurub:
Qəbirləri ziyarət edin, bu, sizə axirəti (o biri dünyanı) xatırladar. ((İbn Macə, Sünən, Cənaiz, 47.))
Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir. Qəbrin yanına gələndə:“Ey möminlər yurdunun sakinləri! Sizə salam olsun! İnşallah biz də sizin cərgənizə qoşulacağıq. Allah bizdən və sizdən ölmüş və ölməmiş olanlara rəhmət etsin. Allahdan bizə və sizə mərhəmət diləyirik. Ey Allahım! Bunlara rəhmət et, bağışla onları. Onları Cəhənnəm əzabından qoru və Cənnətinə qoy”, – deyib dua etmək də olar. Bunlar peyğəmbərimizin bizə məsləhət gördüyü şeylərdir.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidləri nəzərdən keçirin:
http://www.muselmanlar.com/fitvalar/2163.html
http://www.muselmanlar.com/fitvalar/3215.html
http://www.muselmanlar.com/dusunce-sahesi/2595.html
Cəsədlərin çürüməsi məsələsinə gəldikdə isə Allah Təala belə deyir:
“Sizi torpaqdan yaratdıq. Yenə ona qaytaracağıq və sizi bir dəfə də torpaqdan çıxardacağıq”. ((Taha, 20/55.))
Yuxarıdakı ayəyə əsasən bütün insanlar nəhayət torpaq olacaqlar. Bədənin qəbirdə çürüməyi müxtəlif fiziki şərtlərdən asılıdır. Təzədən dirilməyə qədərki mərhələdə çürüyüb torpaq olmaq başa çatacaq. Bədənin çürüməyi ilə insanın yaxşı və ya pis insan olmağı arasında bir əlaqə yoxdur. Həqiqətən də, fironların bədənləri öldükdən sonra mumiyalanıb və çürüməyib. Amma Qiyamətdən əvvəlki şərait hazır hala gəldikdə, onlar da çürüyəcək.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.