Sual: Mən axır vaxtlarda ölümdən yaman qorxuram. Ölüm qorxusuna heç cür qalib gələ bilmirəm. Ölümdən qorxmaq günahdır? Ölümdən qorxmamaq üçün nə etmək lazımdır?
Cavab: İnsanlar ölümdən ümumən aşağıdakı səbəblərə görə qorxurlar:
- Ölümün özünün çətin və əzabverici bir hadisə olduğunu düşündüklərinə görə.
- Ölümlə birgə malik olduqları maddi və mənəvi şeyləri itirəcəklərinə görə.
- Ölümdən sonra başlarına nə gələcəyini dəqiq bilmədiklərinə görə. Yaxud da ölümdən sonra başlarına pis şeylər gələcəyini düşündüklərinə görə.
Bəli, ölüm çətin bir hadisədir və insanların ondan qorxmağı da olduqca təbii bir haldır. Ancaq bir müsəlmana yaraşmır ki, ölümdən sonra baş verəcək şeyləri düşünüb qorxsun. Allahın əmrlərini əlindən gəldiyi qədər yerinə yetirən və qadağalardan uzaq duran müsəlman insan həmişə yaxşı şeylər düşünməlidir. Allah Təala belə buyurur:
“İman gətirən, yaxşı işlər görən, namazı doğru-düzgün qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”. (Bəqərə, 2/277.)
“Rəbbimiz Allahdır!” – deyib sonra da düzgün yaşayanların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər”. (Əhqaf, 46/13.)
Bir müsəlman ilk əvvəl imanlı yaşamak və sonra da imanlı ölmək üçün çalışmalıdır. Çünki Allah bunu bizə əmr edir:
“Ey iman edənlər! Allahdan necə çəkinmək lazımdırsa, o cür çəkinin. Son nəfəsinizədək müsəlman qalın”. (Ali-İmran, 3/102.)
“Bu dini İbrahimin oğullarına vəsiyyət etdiyi kimi Yaqub da vəsiyyət etdi və dedi: “Ey oğullarım! Bu dini sizin üçün Allah seçdi. Son nəfəsinizə qədər müsəlman qalın”. (Bəqərə, 2/132.)
Bizim son nəfəsimizdə dualarımız belə olmalıdır:
“Ey göyləri və yeri yaradan Allahım! Həm dünyada, həm də axirətdə yeganə dayağım sənsən. Mənim canımı müsəlman kimi al və məni yaxşı bəndələrinin arasına daxil et”. (Yusuf, 12/101.)
“Ey Rəbbimiz! Üzərimizə yağış yağdır və canımızı müsəlman olaraq al”. (Əraf, 7/126.)
Bu cür qorxuların öhdəsindən gəlmək üçün yaxşı olar ki, zehninizi başqa şeylərlə məşğul edəsiniz. Sizə tövsiyəmiz bundan ibarətdir ki, çoxlu Quran oxuyun. Bunun üçün bir proqram-cədvəl tərtib edin. Hər gün bir səhifə Quran tərcüməsi oxuyun. Ancaq başa düşərək. Başa düşmədən oxusanız, heç bir işə yaramaz. Belə etsəniz, vaxt keçdikcə sizdə ölüm qorxusunun azaldığını müşahidə edəcəksiniz.
Günahlarınızdan tövbə edin. Bir də günah etməmək qərarına gəlin. Çalışın ki, bunu yerinə yetirib üstündə möhkəm durasınız. O vaxt günahlarınız da bağışlanar.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.