Sual: Aşurə günündə oruc tutmağın hökmü nədir? Neçə gün tutmaq məsləhətdir? Bir də Məhərrəm ayına xas olan ayrı bir ibadət var?
Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) Məhərrəm ayının 9-cu və 10-cu günlərində, yəni, Aşurə günlərində oruc tutmağı məsləhət görüb. Bunlardan başqa Məhərrəm ayına xas olan bir ibadət yoxdur. Başqa vaxtlardakı ibadətlər bu ayda da qüvvədədir. Misal üçün, adi vaxtlarda qılınan müstəhəb namazları qılmaq, sünnət olan bazar ertəsi və cümə axşamı oruclarını tutmaq və dua etmək kimi. Bir daha qeyd edək ki, yuxarıda haqqında danışdığımız orucdan başqa ancaq Məhərrəm ayına məxsus olan bir ibadət yoxdur.
Aşurə günü oruc tutmaqla əlaqədar hədislər aşağıdakı kimidir:
“Aşurə günü cahiliyyə dövründə Qureyş qəbiləsindən olanların oruc tutduqları bir gün idi. Həmin gün peyğəmbər də oruc saxlayırdı. Peyğəmbər Mədinə şəhərinə gələndə də Aşurə günü oruc tutdu və o günün orucunu tutmağı buyurdu. Ramazan orucu fərz (vacib) edildiyi vaxt isə Aşurə orucu tərk edildi. Bundan sonra kim istəsə, həmin gün oruc tutdu, kim də istəməsə, tutmadı”. ((Buxari, Savm (oruc), 1, 68; Müslim, Siyam (oruclar), 113 (1125); Tirmizi, Savm, 49; Əbu Davud, Savm, 64; Muvatta, Siyam, 33.))
Abdullah ibn Ömər deyib ki, Aşurə günü cahiliyyə dövründə oruc tutduğumuz bir gün idi. Ramazan vacib ediləndə peyğəmbər (s. a. v.) belə buyurdu:
“Bu (gün) Allahın günlərindən bir gündür. İstəyən bu gündə oruc tutar, istəməyən də tutmaz”. ((Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.))
Abdulla ibn Abbas (r. a.) demişdir:
“Peyğəmbər (s. a. v.) Mədinə şəhərinə gəldiyi vaxt gördü ki, yəhudilər Aşurə günü oruc tuturlar. Bunun səbəbini soruşduqda yəhudilər: “Bu gün (Aşurə) Allahın Musaya firona qarşı kömək etdiyi gündür. Biz də ona təzim etmək üçün bu gün oruc tuturuq”, – deyə cavab verdilər. Bunun üstündən Muhəmməd peyğəmbər (s. a. v.): “Biz Musaya sizdən yaxınıq”, – dedi və Aşurə orucunu əmr buyurdu”. ((Buxari, Ənbiya (peyğəmbərlər), 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, 1/291, 310, 336, 340.))
Yuxarıdakı iki hədisdə bildirilir ki, peyğəmbərimiz Məkkədə olduğu vaxtlarda da Aşurə günü oruc tutub. Ancaq axırıncı hədisdə qeyd olunur ki, bu oruc Mədinədə başlayıb. Bu hal arada hansısa bir ziddiyyətin olması demək deyil. Ərəblər həzrəti İbrahimin dinindən (hənif dini, monoteizm, təkallahlılıq, tövhid dini, müsəlmanlıq) qalma bir ibadət kimi, yəhudilər də Musa əleyhissəlama tabe olaraq bu orucu tutmuş ola bilərlər. Görünür ki, peyğəmbərimiz yəhudilərin bu orucu hansı səbəbə görə tutduqlarını öyrənmək üçün həmin sualı (yəhudilərin nəyə əsasən oruc tutduqlarına dair sualı) soruşub.
Aşurə günü ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı da tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/1133.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.