Müsəlmanlar

Pir və ziyarətgahlar

QURANIN İŞIĞINDA PİR VƏ ZİYARƏTGAHLAR ((Bu yazı Aqil Hacıyev tərəfindən qələmə alınmışdır.))

Bildiyimiz kimi, təkallahlılıq prinsipini əsas alan İslam dini tək olan – Allahdan qeyri başqa obyektə sitayiş etməyi qəti rədd edir. Hətta İslam dinini yaymaq üçün göndərilmiş Muhəmməd peyğəmbər də Allahın rəsulu olduğu üçün hörmətli bir şəxs sayılsa da, nəzəri cəhətdən o da sitayiş obyekti hesab olunmur. Bəzi müstəsna halları nəzərə almasaq, bütün ilahi dinlərin əsas prinsipləri bu nöqtədə birləşir. Lakin bir çox dinlərdə tək olan – Allahdan başqa bir sıra digər müqəddəsləşdirilənlər də vardır.

Bu anlamda İslamın ilk dövrlərində deyil, daha çox Muhəmməd peyğəmbərin vəfatından sonra, ən geniş anlamda isə müxtəlif politeist dinlərin yayıldığı yeni ərazilərin fəthindən sonra İslamda da bəzi şəxsiyyətlər və bu şəxsiyyətlərə bağlı olaraq da bəzi yerlər müqəddəsləşdirilməyə başlandı. İslamda «müqəddəslər» anlayışının tarixini araşdıran məşhur macar şərqşünası İ. Qoldsiyer bunu, fəth edilmiş ərazilərdəki dinlərin qalıqlarının İslama keçməsi kimi izah edir. ((И. Гольдциэр. Культ «святых» в исламе. М, 1938, с. 61-65.))

Həqiqətən də, bir çox yerlərdə keçmiş dinlərin izlərinin İslam dinini qəbul etmiş əhali arasında geniş yayıldığı təkzibedilməz faktdır. Bir çox yerlərdə, o cümlədən Azərbaycan ərazisində müxtəlif məkanların və nəsnələrin, habelə odla bağlı bir çox şeyin müqəddəsləşdirilməsi də buna bir misaldır.

Yuxarıda da qeyd etdiyimiz kimi, bütün bu müqəddəsləşdirmə prosesi İslamın ilk illərində deyil, daha çox Muhəmməd peyğəmbərin vəfatından sonra geniş vüsət almışdır. Bildiyimiz kimi, müxtəlif ölçülü saysız-hesabsız bütlərə (təkcə Kəbənin içərisində 360-a qədər büt olub) sitayiş edən ərəb tayfalarını İslama çağıran Muhəmməd peyğəmbərin irəli sürdüyü birinci və ən əsas prinsip təkallahlılıq prinsipi olmuşdur. İslamı yenicə qəbul etmiş ərəblərin köhnə inanclarını nəzərə alan Peyğəmbər ilk dövrlərdə hətta qəbiristanlığı ziyarət etməyi də qadağan etmişdi. Səbəb isə aydın idi – Peyğəmbər müsəlmanların qəbiristanlıqdakı əcdadlarının qəbirlərinə sitayiş edəcəyindən ehtiyatlanırdı.

Lakin zaman keçdikcə təkallahlılıq inancı ilk müsəlmanların qəlbində əməlli başlı kök atdı. Səhabələrin təkallahlılıq inancına səmimiyyətlə sarılmalarına dair tarix kitablarında müxtəlif rəvayətlər nəql olunur. Bunların birində qeyd olunduğuna görə, Peyğəmbərin vəfatından sonra bir dəfə Kəbəni ziyarət edən Hz. Ömər qara daşa xitabən belə demişdir: «Mənə yaxşı məlumdur ki, sən ancaq qara bir daşsan, sən heç kəsə nə zərər, nə də fayda verə bilməzsən. Peyğəmbərin səni öpdüyünü görməsəydim, səni heç vaxt öpməzdim».

Həqiqətən də, o dövrdə bütün müsəlmanların qibləsi olan Kəbədən başqa ((Onun ziyarət olunmasının vacibliyi Qurani-Kərimlə və sünnə ilə təsbit olunub və İslamın şərtlərindən biridir.)) heç bir müqəddəs obyekt olmamışdır. Hətta bir dəfə Muhəmməd peyğəmbərin önündə diz çökməyə cəhd edən şəxs elə peyğəmbərin özü tərəfindən sərt qarşılanmış və o, demişdir: «Qalx ayağa, mən Məkkədə quru çörək yeyən bir qadının oğluyam».

Müqəddəsləşdirmə adətindən danışarkən «Rizvan ağacı» ilə bağlı məsələyə də toxunmaq munasib olar. Tarixi mənbələrdən məlum olduğuna görə, Muhəmməd peyğəmbərin Məkkəyə bir səfəri zamanı altında müsəlmanların sədaqət andını qəbul etdiyi bu ağac sonralar müsəlmanlar tərəfindən müqəddəsləşdirilməyə başlanılmış, bunu görən Hz. Ömər isə ağacı dibindən kəsmişdir.

Bütün bunlar Xüləfai-Raşidin, yəni ilk dörd xəlifənin dövründə bu şəkildə davam etsə də, çox təssüflə qeyd etməliyik ki, bir müddət keçəndən sonra Peyğəmbərin və digər şəxsiyyətlərin adları ilə bağlı olan «müqəddəs» yerlər meydana gəlməyə başladı.

İlk olaraq, Muhəmməd Peyğəmbərin birinci zövcəsi Hz. Xədicənin evi Quran ayələrinin nazil olduğu yerlərdən biri kimi «müqəddəs» elan edildi.

Peyğəmbərin doğulduğu ev isə bir müddət sonra xəlifə Harun ər-Rəşidin anası Hayzurana tərəfindən ibadətgaha çevrildi. ((И. Гольдциэр. Культ «святых» в исламе. М, 1938, с. 44.))

Beləcə, Muhəmməd Peyğəmbərin vəfatından sonra onun simasına olan munasibətin az qala ilahiləşdirmə dərəcəsinə qədər yüksəldilməsi və müqəddəsləşdirilərək sitayiş obyektinə çevrilməsi islamda «müqəddəs» yerlərin yaranmasının başlanğıcını qoydu. Artıq Muhəmməd Peyğəmbərin adı ilə bağlı olan yerlər «müqəddəs» elan olunur, onun namaz qıldığı boş yerdə məscid tikilir, şəxsi əşyaları, hətta saqqalının tükü də «müqəddəs» adlanan yerlərdə qoyulub «şöhrətləndirilirdi».

Bu minvalla «müqəddəs» yerlərin yaranması təşəkkül tapdı, başqa İslam dini xadimlərinin də xatirələri ilahiləşdirilməyə, yaxud İslamdan əvvəlki dinlərə aid olan ziyarətgahlar müsəlman müqəddəslərinin məzarları elan edilərək ziyarət olunmağa başladı. Əvvəllər belə məzarlara yalnız hörmət əlaməti olaraq gələrmişlər.

Lakin bir müddət keçəndən sonra «müqəddəslərin» qəbirlərindən kömək diləmək adət halını almağa başladı, daha sonralar isə belə köməyin əvəzində zəvvarlar «müqəddəs»ə pərəstiş və hörmət əlaməti olaraq bu məzarlara xidmət edən şəxslərin yaşaması üçün onlara nəzir şəklində ərzaq şeyləri (çörək, xörək və s.), daha sonralar isə pul verməyə başladılar. Beləliklə, müqəddəs yerlərdə məskən salan – şeyxlər, dərvişlər, mücavirlər, mütəvəllilər və başqa cür «pir xidmətçiləri» meydana gəldi ki, bunlar da öz mənfəətləri üçün çoxlu müsəlman dini «müqəddəsləri» uydurmağa, «pirlər», «ocaqlar» yaratmağa başladılar.

Beləliklə, İslamın yayıldığı bir çox yerlərdə, xüsusilə iri şəhərlərdə (məsələn, Buxara, Səmərqənd, Bakı və s.) çoxlu «müqəddəs» qəbirlər meydana gəldi.

Ərəb qoşunlarının keçdiyi torpaqlarda (Orta Asiya respublikaları, Azərbaycan, Dağıstan və s.) sərkərdələrin və din xadimlərinin qəbirlərinin «müqəddəs» yerlərə çevrilməsi geniş yayılmışdır. Qusar rayonu Həzrə kəndi yaxınlığındakı «Şeyx Cüneyd» məqbərəsi, Dərbənd şəhəri qəbiristanlığındakı «Qırxlar» məqbərəsi, Səmərqənd şəhərindəki «Xusam» məqbərəsi və başqaları deyilənlərə misal göstərilə bilər. Bu kimi «müqəddəs» yerlərdə fövqəltəbii qüvvələrin «möcüzəvi» yolla zəvvarların imdadına çatdığına, həmin obyektlərin «kömək edən», «şəfa verən» olduğuna inanan şəxslər əlacsız saydıqları məsələlərin həll edilməsi üçün pirlərə, ocaqlara, «müqəddəs» adlanan qəbirlərə müraciət edirlər. SSRİ dövründə nüfuzu xeyli aşağı düşmüş bu kimi yerlər, müstəqilliyimizi qazandıqdan sonra xeyli dirçələrək, yenidən böyük gəlir mənbələrinə çevrilmişdir.

Bir şey də diqqətçəkicidir ki, pir və ziyarətgahlara gedənlərin sayı məscidlərdə ibadət edənlərin sayından az deyil və bu da o deməkdir ki, bir çox müsəlmanlar İslamın əsas şərtlərinə əməl etməyərək, öz dindarlıqlarını yalnız «zəvvar»lıqla nümayiş etdirmək istəyirlər.
Pir və ziyarətgahların bolluğu baxımından respublikamızın ərazisi digər müsəlman ölkələrindən heç də geri qalmır. Təxminən sayı 500-ə çatan bu ziyarətgahların (bunlardan 100-ə qədəri aktiv fəaliyyət göstərir) əksəriyyətinin mənşəyi və yaranma səbəbi məlum deyildir. Bunların bəzisi guya ailə münaqişələrini həll edir, sevgi, məhəbbət hissi oyadır, digəri uşağı olmayan qadınlara uşaq verir, qorxu hissini rədd edir, qızdırma xəstəliyini, öskürəyi, psixi xəstəlikləri «müalicə edir» və s.

Məsələn, Xaçmaz rayonun Vələmir kəndi yaxınlığında yerləşən «Dəli pir» adlı ziyarətgahın, bura gələn psixi xəstələrə şəfa verdiyinə inanırlar. Həmin rayonun Seydalı kəndinin yaxınlığında yerləşən «Qızdırma piri»nə isə, keçmişdə qızdırma xəstəliyinin geniş yayıldığı Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün müraciət edərmişlər. Ümumiyyətlə, «qorxu piri», yaxud «qızdırma piri» adı ilə məlum olan obyektlər respublikamızın Ağsu, Ağdaş, İsmayıllı, Quba, Qusar, Şamaxı, Şəki və başqa rayonlarının ərazilərində də vardır.

Bu gün ölkədə ən çox ziyarət olunan ziyarətgahlar Əzizbəyov ((İndiki Xəzər rayonu-redaktordan.)) rayonunun Şüvəlan qəsəbəsindəki «Mir Möhsün ağa» piri, yenə Əzizbəyov rayonu Buzovna qəsəbəsindəki «Qədəmgah» piri, Astara rayonu ərazisindəki «Seyid Əhməd» piri və «Seyid Camal» piri, Ağdaş rayonu ərazisindəki «Veyis baba» piri və «Hacıbaba» piri, Babək rayonu ərazisindəki «Asəfkəf» və «İmamzadə» pirləri, Ordubad rayonundakı «İbrahim əfəndi» piri, Quba rayonundakı «Soltan xalaç» piri və «Ağbil baba» piri, Lənkəran rayonundakı «Şeyx Zahid» piri, Lerik rayonundakı «Bobogil» piri, Tovuz rayonundakı «Alı dədə» piri, Masallı rayonundakı «Qızılağac» piri, yaxud «Seyid qəbri», Salyan rayonundakı «Xanəgə məqbərəsi», Qaradağ rayonundakı «Sofi Həmid məqbərəsi», Şamaxı şəhərindəki «Pirsaat» piri ((Bu pir Hacıqabul rayonu ərazisindədir-redaktordan)) , Şəki rayonundakı «Babaratma» piri və başqalarıdır.

Uzun müddət Abşeronda əhali tərəfindən pir deyə ziyarət olunan yerlərdən biri də Pirşağı qəsəbəsindədir. Maraqlı burasıdır ki, pirşağılılar hələ indiyə kimi kəndlərinin adının həmin pirin Pir Şahinin adından götürüldüyünü bilmirlər. Təxminən XVII əsrdə yaşamış və alim, təbib kimi tanınmış bu şəxsin qəbrinin üzərində vaxtilə yaranmış Pir Şahin ziyarətgahı zaman keçdikcə itib getmiş, o yerdə nə bina, nə də məzar daşı qalmamışdır.

Misallardan da göründüyü kimi, pir və ziyarətgahlar heç bir islami mahiyyət kəsb etmir. Bu ziyarətgahları tarixi mənşəyi baxımından 3 əsas qrupa bölmək olar:

1. İslamdan əvvəl yaşamış ayrı-ayrı fərdlərlə bağlı yaranmış ziyarətgahlar. Buna misal olaraq Bakıdan Qubaya gedən yolun üzərindəki Beşbarmaq dağındakı «Xıdır zində» pirini göstərmək olar. Tarixi İslamdan çox-çox əvvəllərə gedib çıxan bu pir barəsində gəzən rəvayətlərə inansaq, Musa peyğəmbərin öz yol yoldaşı Xızr ilə söhbətində bu dağın adı çəkilmiş, bu görüş yeri ziyarətgah olmuşdur. Bundan başqa Naxçıvanda yerləşən «Əshabi-Kəhf» ziyarətgahını da bu qrupa aid etmək olar. İslamdan çox-çox əvvəl əməlisaleh gənclərin uzun bir müddət qaldığı bu mağara indi əhali tərəfindən ən çox ziyarət olunan yerlərdən biridir. Beyləqan rayonunda yerləşən «Cərcis peyğəmbər» ziyarətgahı da məşhur ziyarətgahlardan biridir. İslamdan əvvəl yaşadığı söylənən bu şəxsin həqiqətən də peyğəmbər olub-olmadığını aydınlaşdırmaq özü xüsusi tədqiqat tələb edir.

2. İslama aidiyyəti olmayan döyüşçü, ictimai xadim və ya tarixi şəxsiyyətlərin qəbirləri üzərində yaradılmış ziyarətgahlar. Bu tip yerlərə misal olaraq Astara rayonu Maşxan kəndinin qəbiristanlığındakı «Seyid Əhməd» pirini göstərmək olar. Aparılan tədqiqatlar göstərmişdir ki, ziyarətgaha çevrilmiş bu qəbir Sultan Əhməd adlı bir feodala məxsus olmuşdur. ((Azərb. SSR EA Xəbərləri. Bakı, 1962, №2, s. 19.)) Qəbir daşındakı bəzəklər mərhumun gənc yaşlarında vəfat etdiyinə işarədir. Qəbir daşının üzərində ərəb-fars dillərində yazılmış kitabələrin tərcüməsi belədir: «Bu qəbir Sultan Əhməd ibn Kərimindir. Səkkiz yüz yetmiş altıncı ildə (vəfat etmişdir)». ((Azərbayjanda pirlər, Məşədixanım Nemət. Bakı, 1992, səh. 40.)) Hicri 876-cı il 1471-1472-ci miladi ilinə müvafiqdir. Farsca yazılmış kitabə isə mənzumdur və Soltan Əhmədin zadəgan nəslindən olduğunu, gənc yaşlarında vəfat etdiyini bildirir. Bütün bu yazılar bu gün də həmin yerə baş çəkənlərə Quran ayəsi kimi təqdim olunur.

Bundan başqa, Səfəvilər sülaləsinin nümayəndələrinin qəbirlərini – Qusar rayonun Həzrə kəndindəki Həzrəti Şeyx Cüneyd pirini, Lənkəranın Şıxakəran kəndindəki Şeyx Zahid türbəsini, o cümlədən, Bakı-Şamaxı yolunun yüz kilometrliyindəki Şəhid türk zabitinin məzarı ziyarətgahını misal göstərmək olar.

3. Tanınmış və ya tanınmamış müsəlman əməlisaleh bəndələrlə bağlı yaranmış ziyarətgahlar. Bu cür ziyarətgahlara Azərbaycan ərazisində çox rast gəlinir. Buzovna qəsəbəsindəki «Qədəmgah» ziyarətgahı, «Bibiheybət» piri, Nardaran piri, Mir Möhsün ağa yeri bu tip yerlərə misaldır.

Gördüyümüz kimi, əhali tərəfindən çox sıx şəkildə ziyarət olunun pir və ziyarətgahların böyük bir qisminin İslam dini ilə ümumiyyətlə əlaqəsi yoxdur. Bunlar sadəcə tarixən Azərbaycanda yaşayan insanların inancı ilə bağlıdır və onları İslamın fundamental ehkamları ilə bağlamağın əsası yoxdur. Lakin «müqəddəs» adlanan yerlərin elmi xarakteristikasını vermək, həqiqi tarixini açıb göstərmək yolu ilə bunların mahiyyətini şərh etməyin böyük əhəmiyyəti vardır. Lakin ölkədə bu cür yerləri tədqiq edib onların həqiqi tarixini açıb göstərən və beləliklə də dini mahiyyətini izah edən yazılar və mühazirəçilər azdır.

Müəllif: Aqil HACIYEV

QEYD: Bu yazı 07.12.2010-cu ildə www.islam.com.az saytının “Məqalələr” bölməsindən həmin saytın idarə heyətinin icazəsi ilə götürülmüşdür. Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.