Sual: Məlum olduğu kimi, axır vaxtlarda fala baxmaq, cindarlıq və baxıcılıq çox yayılıb. Məsələyə dini cəhətdən nəzər yetirdikdə belə şeylərin düzgün olduğunu demək olar? Ümumiyyətlə İslamın buna münasibəti nədən ibarətdir?
İslam dinində falçılıq
Müsəlman cəmiyyətləri fal və sehr kimi mövzularda əcnəbi mədəniyyətlərin və inancların təsirə altına düşmüş, bu hallar get-gedə artmışdır. Şübhəsiz ki, burada insanın gizli olana, bilinməyənə qarşı hiss etdiyi marağın və gələcəkdə özü və ətrafı haqqında bilinməyənləri bilmək istəyinin böyük rolu vardır.
Belə işlərlə məşğul olan insanların ətrafında elm adamlarının və cəmiyyətdə müəyyən səviyyəyə gələnlərin olması çox maraqlıdır. Dolayısı ilə belə hadisələr biliyin azlığından deyil, həqiqi dini məlumat və düşüncə azlığından irəli gəlir. Bunları öyrənməyin yolu isə İslam dininin öyrənilməsi və öyrədilməsidir.
İslamda qeyb ağıl və hisslər vasitəsilə bilinməyən varlıq aləmi kimi göstərilir. Mütləq qeybi bilmək isə yalnız Allaha məxsusdur. Ondan başqası qeybi bilmədiyi kimi Hz.Peyğəmbər (s) də qeybi yalnız Allahın bildirməsilə bilmişdir. ((«Əraf» surəsi, 7/188; «Ənam» surəsi, 6/59.))
Mələklərin bilib insanların bilmədiyi, insanlardan birinin bilib digərlərinin bilmədiyi məsələlər kimi nisbi qeyb aləmi isə Allahın izni ilə insanlar tərəfindən bilinir. Qeyb aləmindən xəbər verən insanlar haqqında hədislərdə ağır və xəbərdaredici ifadələr işlədilir. ((Muslim, “Salam”, 125.))
Gələcək haqqında öyrənmək, bəxt və qisməti bilmək məqsədilə kart, qəhvə fincanı və noxuddan istifadə edərək, eyni zamanda ovuca baxaraq gələcəyi bildirməyə fal, həmin işlərlə məşğul olana falçı, kahin və ya medium (guya ruhlarla əlaqə yaradan) deyilir. İslam dinində cahiliyyə adətlərindən hesab edilən fal oxları ilə qismət axtarmaq qadağan edilmiş («Maidə» surəsi, 5/3), kahinlik və falçılığın bütün növləri haram buyurulmuşdur. ((İbn Macə, “Taharət”, 122.))
Bəzi hədislərdə ((Buxari, “Tibb”, 42; Muslim, “Salam”, 110-119.)) müəyyən dəlillərə əsaslanaraq müsbət şərhlərin uyğun qəbul edilməsinə baxmayaraq, ümidsizlik və uğursuzluq hisslərinə qapılmaq doğru hesab edilməmişdir. Ağıl və iradəsinin köməyi ilə insanı bu səbəblərə bağlı olmaqdan uzaqlaşdıran belə anlayışlar İslam dininə ziddir. Bunları kənarlaşdıran fal və falçılıq – duz falı, qəhvə falı, qurğuşun əritmək, ovuc falı, Quran və kitab falı dinimiz tərəfindən qadağan edilmişdir.
Falın növlərindən biri də ulduz və bürc fallarıdır. İslamda astronomiya elminə əhəmiyyət verilmiş, lakin səma cismlərinin hərəkətlərinə baxaraq bunlardan dünyadakı hadisələrin və insanların gələcəyi ilə bağlı nəticələr çıxarmaqla məşğul olan astrologiyaya isə müsbət yanaşılmamışdır. Çünki ulduz və bürc falı həm İslam dininin tövhid inancına, həm də “mütləq qeybi yalnız Allah bilir” kimi əsas prinsipə ziddir.
İslam dinində sonradan olacaq hadisələr haqqında “xəbər vermək” mənasında olan kəhanət də həmin səbəblərlə qadağan edilir, bunu edən insanlar (kahinlər) və onların dediklərinə inananlar haqqında cənnətə girməmək ((“Müsnəd”, III. 14.)) və ibadətlərin savabını qazanmamaq kimi ((Muslim “Səlam”, 33.)) ağır və qınanan ifadələr işlədilir.
Cindarlıq da qeybdən xəbər verməyin bir növüdür. Cin insanın hiss orqanları ilə bilinməyən, şüur və iradəyə sahib olan, ilahi əmrlərlə hərəkət edən varlıqdır. İnsanlar kimi Allaha ibadət etmək üçün yaradılan cinlər insanlarla müqayisədə fərqli xüsusiyyətlərə malik olsalar da, qeyb aləmini bilmirlər. ((«Ənam» surəsi, 6/100, 116; «Hicr» surəsi, 15/27.))
Hədislərdə də cinlərlə bağlı təfsilatlı məlumat verilmir. Bilmək lazımdır ki, cinlər haqqında ayə və hədislərdə bildirilənlər xaricindəki məlumatlar qədim iran, türk və hind mədəniyyətlərindən keçmişdir.
Mömin Allahın icazəsi olmadan cin də daxil olmaqla, heç bir varlığın zərər verə bilməyəcəyinə inanmalı, cin və digər varlıqlardan gəlmə ehtimalı olan zərərlərdən Allaha sığınmalı, Quran oxumalı, İslama tam əməl etməlidir. Belə ki, Hz.Peyğəmbərimiz (s) cinlərin insana təsirinə qarşı «Ayətul-kürsi»ni və «Muavvizəteyn» adlanan «Fələq» və «Nas» surələrini oxumaqla bu məsələdə insanlara nümunə göstərmişdir.
Dilimizdə başda sehr, gözmuncuğu (dua kimi şeylər) taxmaq və cindarlıq kimi maddi-mənəvi vasitələrdən mənfi yöndə istifadə edərək bəzi məqsədləri həyata keçirmək səyi olaraq qiymətləndirilən sehr, ərəb dilində isə “sihr” sözü ilə ifadə edilir. Sehr isə magiya və hiylə yolu ilə insanları təsirə salaraq təbiət qanunlarına zidd hadisələr göstərməyə çalışmaq və insanları aldatmaq sənəti kimi bildirilir. Quranda Peyğəmbərə göndərilən vəhyin haqq olduğu, sehrlə heç bir əlaqəsinin olmadığı, Peyğəmbərlərin də sehrbaz hesab edilməyəcəyi bildirilmiş, sehirbazların yalançı olduqları qeyd edilmişdir. ((«Əraf» surəsi, 7/116; «Yunus» surəsi, 10/76-77, «Taha» surəsi, 20/69; «Zuxruf» surəsi, 43/30; «Zariyat» surəsi, 51/52.))
Sehr yeddi böyük günahdan biridir. ((Muslim “İman”, 144.))
Sehrin həqiqi olması və təsir dərəcəsi ilə bağlı müzakirələr bir kənara, İslam alimlərinin fikrincə, Allahın diləməsi xaricində bu heç kimə zərər verə bilməz. Müsəlmanın sehrlə məşğul olması və ya sehr etdirməsi haramdır. Sehrin təsirindən xilas olmaq üçün Allaha sığınmaq, ibadət və dua etmək, yoxsullara sədəqə vermək lazımdır.
QEYDLƏR
1) Bu yazı 27.11.2010-cu ildə www.islam.com.az saytının “Məqalələr” bölməsindən həmin saytın idarə heyətinin icazəsi ilə götürülmüşdür. Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
2) İslam dininin qeyb, qeyb aləmi, qeybi bilmək, sehr, cindarlıq, cinvurma, cadugərlik, fal və falçılıq kimi məsələlərə münasibəti ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxmaq tövsiyə olunur:
http://www.muselmanlar.com/fitvalar/2069.html
http://www.muselmanlar.com/fitvalar/2512.html
http://www.muselmanlar.com/fitvalar/662.html
http://www.muselmanlar.com/fitvalar/668.html
http://www.muselmanlar.com/fitvalar/666.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.