Müsəlmanlar

Tövrat təhrif edilib, yoxsa yox?

Sual: Yəhudilər belə bir fikir irəli sürürlər ki, Maidə surəsinin 43-44-cü ayələrinə əsasən Tövrat təhrif edilməyib. Biz buna bir cavab verə bilmirik. Halbuki, Tövratda peyğəmbərlərin haqqında qəbuledilməz məsələlər də var. Bunu necə qiymətləndirmək lazımdır?

Maidə surəsinin 43-44-cü ayələri Tövratın bötüvlükdə qorunub saxlandığını ifadə etmir. Həmin ayələr belədir:

“İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər.

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda bir hidayət və bir nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri ((Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə, (o deyər): “Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”.)) və alimlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”.

Diqqət yetirdinizsə, 43-cü ayədə: “İçində Allahın hökmü olan”, 44-cü ayədə isə: “Onda bir hidayət və bir nur vardır”, – deyilir. Bu sözlər onu göstərir ki, Tövrat nə qədər təhrif olunsa da, onda hələ də korlanmamış hökmlər var. Oxşar sözlər 46-cı ayədə İncil haqqında da deyilir. Lakin Quran haqqında bütövlükdə: “o hidayət rəhbəridir”, “o bir nurdur”, – deyilir. ((Baxın: Nisa, 4/174; Maidə, 5/15.)) Bu sözlər eyni sözlər deyil. Əvvəlki ilahi kitabların təhrifə məruz qaldığını bildirən ayələr bunu izah edir.

Allah bir çox ayədə yəhudiləri Tövratın hökmlərini tətbiq etməyə dəvət etmiş, lakin onlar bundan boyun qaçırmışlar. Çünki həqiqətən də, Tövratı tətbiq etsəydilər, Qurana və Muhəmməd peyğəmbərə inanmalı olardılar. Quranda belə deyilir:

“De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa­ üçün heyfsilənmə”. (Maidə, 5/68.)

Bu ayələr isə onu göstərir ki, onlar sadəcə olaraq Tövrata yox, bizim kitabımıza və peyğəmbərimizə də inanmalıdırlar. Əks təqdirdə, Allah onları hidayətdə olan bir cəmiyyət kimi qəbul etmir. Ayələr belədir:

“Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!”.De: “Əksinə, İbrahimin əsl dinindən olmaq lazımdır. O, müşriklərdən deyildi”.

“Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”.

“Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan (qorunmaq üçün) Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!”. (Bəqərə, 2/135-137.)

Qurani-Kərim hazırki Tövrat və İncildən daha əhatəlidir və bir meyardır. Əgər o kitablardakı hökmlər Qurana müvafiqdirsə, biz onları qəbul edirik. Əgər Quranla üst-üstə düşmürsə, qəbul edə bilmərik. Quranın digər kitabların üzərində hakim olduğunu bildirən ayə budur:

“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir”. (Maidə, 5/48.)