Sual: Biz Quran ayələrindən başa düşürük ki, Muhəmməd peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdur. Bəs merac hadisəsini necə izah etmək olar? Məgər bu bir möcüzə deyil?
Cavab: Merac hadisəsinin, necə deyərlər, merac səyahətinin məqsədi insanlara hansısa bir möcüzəni göstərmək deyildi. Allah Təala bu səyahətin məqsədinin Öz bəndəsinə, yəni, Muhəmməd peyğəmbərə (s. a. v.) bir sıra ayələri göstərməkdən ibarət olduğunu bildirib. Bunu aşağıdakı Quran ayəsində öyrənirik:
“Bir sıra ayələrimizi ona (peyğəmbərə) göstərmək üçün Öz qulunu (bəndə) bir gecə Məscidi-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidi-Əqsaya (yer üzünə ən uzaq olan məscidə) aparan O Allah hər növ nöqsandan uzaqdır (pak və müqəddəsdir). Həqiqətən də, O, eşidəndir, görəndir”. ((İsra, 17/1.))
Bu səyahət insanın iqtidarında olmadığına görə fövqəladə bir hadisədir, amma peyğəmbərliyi sübut etmək üçün olan möcüzələrdən deyil. Çünki bu hadisəyə ancaq peyğəmbər özü şahid olub. Halbuki, möcüzələr peyğəmbərliyi isbat etmək üçün insanların gözünün qabağında nümayiş etdirilir. ((Seyyid Şərif Cürcani, Kitabu-t-Tərifat, nəşr yeri və tarix yoxdur, s. 153.))
Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/2061.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.