Sual: Mən namaz üstündə olanda balaca qızım məni dartışdırır, qabağıma keçir, elə hey oynaqlayır. Belə hallarda dözə bilməyib namazı pozuram. Sizcə belə etdikdə günaha batıram? Bu məsələdə necə hərəkət etməliyəm?
Cavab: Balaca uşaqlar namazda sizi ora-bura dartışdırdığı vaxt namazı pozmağınıza ehtiyac yoxdur. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) namaz qıldığı vaxt bəzən qızı Zeynəbdən olan nəvəsi Ümamə onun çiyinlərinə dırmanır, oynayırdı. Lakin peyğəmbərimiz ona heç vaxt mane olmur, namazını da yarımçıq qoymurdu. Hətta nəvəsi Ümamə onun belinə çıxdığı halda, əshabələrə namazda pişnamazlıq (imamlıq) da edirdi.
Bu məsələ ilə əlaqədar belə bir hədis var:
“Əbu Qətadə rəvayət edir ki, biz zöhr (günorta), ya da əsr (ikindi) namazı üçün peyğəmbəri gözləyirdik. Bilal peyğəmbərimizi namaza dəvət etmişdi. Bir də gördük ki, peyğəmbər çiynində Ümamə binti Əbil-As ola-ola məscidə girdi və namazgahda dayandı. Biz də (ona tabe olub) arxasında cərgəyə durdurq. Ümamə isə elə olduğu yerdə – peyğəmbərimizin çiynində idi. Rəsulullah təkbir gətirdi. ((“Allahu Əkbər”, – dedi.)) Biz də təkbir gətirdik. Peyğəmbər rükuya getmək istədikdə onu tutub (çiynindən aşağı) endirdi. Sonra rükunu yerinə yetirdi və səcdə etdi. Səcdəni başa vurub ayağa durmaq istədikdə Ümaməni yenə (əvvəlki) yerinə, yəni, çiyninə qoydu. Beləcə, peyğəmbərimiz hər rükətdə (namaz qurtarana qədər) belə etdi (bu cür davam etdi)”. ((Əbu Davud, Səlat (namaz), 164-165; Nəsai, İmamət, 37.))
Yuxarıdakı hədisdən də başa düşülür ki, istər valideynlər, istərsə də məsciddəki camaat və din xadimləri (axund, molla, müəzzin və sairə) bu kimi hallarda uşaqların xətrinə dəyməməli, onları danlamamalıdırlar. Necə deyərlər, uşaqları namazdan və məsciddən soyudan hərəkətlərə yol verməməlidirlər.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.