Sual: Azan çəkildiyi vaxt musiqiyə qulaq asmaq olmaz? Tutalım ki, musiqiyə qulaq asırıq və birdən müəzzin azan oxumağa başladı. Biz mütləq musiqini kəsməli, düz oturmalı və özümüzü yığışdırmalıyıq?
Cavab: Azan namaza dəvətdir. Əgər azan çəkilirsə, bu onu göstərir ki, hansısa namazın vaxtı girib. Başqa bir ibadətlə məşğul olmayan insanlara məsləhət görülür ki, danışmayıb azana qulaq versinlər və peyğəmbərin (s. a. v.) etdiyi və məsləhət bildiyi kimi, azanın sözlərini təkrar etsinlər. Bir hədis rəvayətində deyilir ki, peyğəmbər: “Müəzzinin çağırışını eşitdiyiniz vaxt siz də onun dediyi sözləri deyin”, – deyib. ((Buxari, Azan, 7; Müslim, Səlat (namaz), 10 (383); Əbu Davud, Səlat, 36; Tirmizi, Səlat, 154; Nəsai, Əzan, 33; İbn Macə, Əzan, 4.))
Amma Quran oxumaq kimi bir ibadətlə məşğul olanların ibadətlərini yarımçıq qoyub, azana qulaq verməli olduqlarına dair bir dəlil yoxdur.
Azan bir şüardır. Rəmzdir. Allahın şüarlarında hörmət etmək Allaha ehtiram bəsləmək deməkdir. Bununla əlaqədar ayə belədir:
“Ey iman gətirənlər! Allahın qoyduğu işarələrə (simvollar, əlamətlər), haram ayına, Həcc qurbanına, boynuna nişan taxılmış qurbanlıq heyvanlara və Rəbbinin lütfünü və rizasını istəmək üçün Kəbəyə üz tutanlara hörmətsizlik etməyin”. ((Maidə, 5/2.))
Başqa bir ayədə isə Allah bildirir ki, şəairullaha, yəni, Allahın qoyduğu şüarlara hörmət etmək qəlblərin təqvasından asılıdır. ((Həcc, 22/32.)) Buna görə də namazına sadiq qalan möminlərin ancaq qulaqları deyil, ürəkləri də azanda olmalı və əgər başqa bir ibadətlə məşğul deyillərsə, azana dərin hörmətlə qulaq asmalıdırlar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.