Sual: Döymə döydürmək olar? İslamda bu barədə nə deyilir? Xına ilə bədənə nəsə çəkmək olar? Bədəndə tatuirovka və hansısa şəkil olduğu halda, dəstəmaz almaq və qüsl etmək olar? Deyilənə görə bədənində nakolka olanın dəstəmazı və qüslü qəbul olunmur. Bu nə dərəcədə düzdür?
Cavab: Döymə döydürmək ((Camaat arasında buna “nakolka vurdurmaq” deyilir.)) adətən aşağıdakı kimi həyata keçirilir:
Dərini iynənin ucu ilə cızıb qanadırlar, sonra həmin hissəyə sürtülən boyanı dərinin altına keçirir və bunu elə edirlər ki, o rəng bir də çıxmır. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu cür nakolka vurana və vurdurana lənət edib.
Nakolka (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə, nakolkanın özü də bədənin bir hissəsinə çevrilir. Nakolka məsələsində bu məqama xüsusilə fikir vermək lazımdır: Nakolka vurdurmaq və vurmaq yuxarıda da qeyd edildiyi kimi, peyğəmbərimiz tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək, nakolka vurmaq və vurdurmaq dini cəhətdən düzgün deyil, qadağandır. Ancaq nakolkanın özü dəstəmaz və qüslə mane olmur. Çünki o, dərinin üstündə deyil, altında yerləşir və bədənin bir hissəsi halına gəlir.
Xına (henna) bədəndə qalıcı iz qoymur. Yuyulduqca təmizlənir. Amma xına ilə bədənə şəkil çəkdirmək və ya nəsə bir yazı yazdırmaq (oğlanın sevdiyi qızın, yaxud bir musiqiçinin şəklini çəkdirmək, bir komandanın bayrağını əks etdirmək və yaxud siyasi bir mövqeyi ifadə etmək məqsədilə müxtəlif şüar və yazılar yazdırmaq kimi) da estetik və başqa cür görünmək məqsədi güdən bir hərəkətdir. Nəzərə almaq lazımdır ki, bu cür şeylər gözəl görünmək məqsədi daşıyır; eyni zamanda da insanın yaradıldığı forma və surəti dəyişdirməyə xidmət edir. Bu isə yolverilməzdir.
Nakolka vurdurmağı qadağan edən hədis belədir:
“Peyğəmbər faiz yeyəni (alanı), yedirdəni (verəni), ona şahidlik edənləri, onu yazıb qeyd edəni, döymə döyəni, qəşəngləşmək üçün döymə döydürəni, sədəqəyə mane olanı, xullə ((Bir kişi 3 dəfə boşadığı qadınla təzədən evlənə bilməz. Lakin həmin qadın adi qaydada başqa birinə ərə getsə, bu əri də onu boşasa və ya ölsə, o zaman qadın iddə müddətini başa vurduqdan sonra, yəni, Quranda müəyyən edilmiş vaxt qədər gözlədikdən sonra birinci əri ilə təzədən ailə qura bilər. Bəzi şəxslər ərinin 3 dəfə boşadığı qadınla şifahi razılıq yolu ilə kəbin kəsdirir, zifafdan sonra onu boşayır və birinci ərinə halal olmağını təmin etməyə çalışırlar. Buna xullə deyilir. Peyğəmbərimizin hədisi bu hərəkəti də qadağan edərək lənətləyib.)) edəni və xullə etdirmək istəyəni lənətlədi”. ((Buxari, Libas (Geyim-Kecim), 82-87; Müslim, Libas, 119.))
QEYD: Bəzən deyirlər ki, müasir texnologiya sayəsində insanın bədəninə zərər vurmadan, xəsarət yetirmədən, hətta tamamilə ağrısız-acısız, gigiyena şərtlərinə rəayət etməklə nakolka vurmaq mümkündür. Düzdür, bu praktiki olaraq mümkündür. Biz də bilirik ki, bəzi ölkələrdə nakolka işi ilə məşğul olanlara lisenziya verilir, vergi tələb olunur. Onların qarşısında əgər təhlükəli bir hal baş verərsə, müştərilərə ilk tibbi yardım etmək üçün lazımi tibbi avadanlıqları həmişə hazır saxlamaq şərti də kəsilir. Qısa desək, bu iş ayrı bir xidmət sektoruna çevrilib.
Bütün bunlara baxmayaraq İslam dinində nakolka vurmaq və vurdurmağa pis baxılır, bu qəti surətdə qadağandır. Bu barədə nəss var, yəni, peyğəmbər hədisi var. Bir sözlə, nakolka caiz deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.