Müsəlmanlar

Vicdan nə deməkdir?

Sual: Vicdanın mənası nədir? İslam dininə əsasən vicdana nə cür tərif vermək olar?

Cavab: Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.

Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.

Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!». (Şəms, 7-9)

Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır.

Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.

Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısə­lərə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıya­caqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə, Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, “qapıları bağlanmış“ sonsuz bir əzab alovu ilə qarşılanacaqdır. ((Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 23-24.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.