Müsəlmanlar

Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar?

Sual: Biz indi yaşadığımız evə təzə köçmüşük. İsti su sarıdan çətinliyimiz var. Həm də mənə soyuq dəyib. Qrip olmuşam. Ona görə də soyuq su ilə yuyunub, dəstəmaz ala bilmirəm. Təbii ki, qüsl də verə bilmirəm. Bunun üçün namazlarımı necə qılacağımı bilmirəm. Bu məsələnin başqa bir həlli var?

Cavab: Qüsl etmək üçün əlbəttə ki, bir miqdar isti və ya ilıq su lazımdır. Xüsusilə də qış aylarında. Amma isti su hazırlamaq üçün evdə kombi, termostatlı qızdırıcı və elektrik və yaxud təbii qazla işləyən və camaat arasında “5 dəqiqəlik” deyilən cihazların mütləq olmağı lazım deyil. Bu cihazlardan birinin olmağı isti su probleminin olmamağı deməkdir. Burada isə söhbət sizin təzə köçdüyünüz evdəki müvəqqəti çətinlikdən gedir. Sualınızdan məlum olur ki, bu cihazlardan heç biri hələ ki, sizdə yoxdur. Odur ki, bir qaba bir qədər su töküb, ocağın üstündə və ya spirallı qızdırıcı ilə qızdırdıqdan sonra soyuq su ilə qarışdırıb, qüsl verə bilərsiniz. İmkanları düzgün qiymətləndirmək lazımdır. Bunları nəzərə almadan dərhal: “Qüsl etmək üçün şəraitim yoxdur, mən bu halda nə edim?”,­ – demək düzgün deyil.

Unutmayın ki, bu dəqiqə kombisi, qızdırıcısı və digər belə cihazları olmayan bir çox yer var. Hətta nə qədər təəssüfləndirici olsa da, elə yerlər var ki, insanlar bu cihazların nə olduğunu bilmirlər. Amma oralarda yaşayan insanlar, o cümlədən müsəlman insanlar da sizə yuxarıda məsləhət gördüyümüz qaydada yuyunurlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.