Müsəlmanlar
Biz dinə əməl etməyən müsəlmanlarla necə rəftar etməliyik?

Biz dinə əməl etməyən müsəlmanlarla necə rəftar etməliyik?

Sual: İndiki dövrdə müsəlman kimi görünən və yaxud müsəlman olaraq qəbul edilən insanların çoxu müşrik kimi hərəkət edir. Onlar özlərini müsəlman hesab edirlər və əslində düzgün yolda olmadıqlarını başa düşmürlər. Sualım belədir: Müsəlmanların bayramlarında, misal üçün, Ramazan və ya Qurban bayramlarında bu kimi adamlarla bayramlaşmaq nə dərəcədə düzdür? Onları təbrik etdiyimiz vaxt: “Bu bayram müsəlmanların bayramıdır. Bu bayram namaz qılan, oruc tutan və Allahın buyuruqlarına əməl edənlərin bayramıdır”, - deyib, söhbətə başlamaq olar? Onlarla düzgün məsələləri başa salmaq məqsədilə bayramlaşmaq müsəlmanın imanına bir xələl gətirir?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, insanlara həqiqətləri izah etmədən müşrik damğası vurmaq düzgün deyil! Bizim digər insanları müşrik olanlar və olmayanlar kimi iki yerə ayırıb, qruplaşdırmağa həm haqqımız yoxdur, həm də ixtiyarımız!

Bizim borcumuz budur ki, nə qədər bacarırıqsa, həqiqətləri özümüz anlayaq, tətbiq edək və başqalarına izah edək. Bundan sonrakı mərhələdə nə baş verəcəksə, insanların özlərindən asılıdır. Yəni, seçim etmək hər kəsin öz işidir.

Bayramlarda bayramlaşmaq da daxil olmaqla, bütün münasibətlərimizi davam etdirməliyik. Bu əlaqələr bizim imanımıza heç vaxt xələl gətirməz. Qeyd etdiyiniz insanlarla görüşüb, söhbət etməyinizin, eləcə də, oturub durmağınızın dini cəhətdən bir eybi yoxdur. Onları öz evinizə də dəvət edə bilərsiniz. Sadəcə olaraq başqa cür düşünüb, başqa cür inandıqlarına görə onlara xor baxmağınız düz deyil. Axı Allah Təala insanları inanıb inanmamaq məsələsində azad buraxıb!

İmana xələl gətirib, ziyan vuran münasibətlər müsəlmanlarla döyüşən, onları yurd-yuvalarından qovub, çıxardan və onlara kömək edib, dəstəkləyənlərlə olan münasibətlərdir. Bu məsələlər bizim üç qırmızı xəttimizdir. Bu xətti (sərhəd, hədd) keçməyənlər müsəlman olmasalar belə, onlarla yaxşı münasibətlər qurmalıyıq. Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Xahiş edirik, müsəlman olmayanlarla, yəni, qeyri-müsəlmanlarla münasibətlər barədə geniş bir yazımızı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/arasdirmalar/434.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.