Sual: Bəzi kitablarda qeyd edilir ki, bir sıra din adamları, cəmiyyətə seyyid və övliya kimi təqdim olunan bəzi şəxslər öz nəfslərini təmizləyib tərbiyə etmək məqsədilə, eləcə də Allahın nəzərində uca mərtəbələrə yüksəlmək üçün halal şeylərdən az istifadə edirlər. Deyilir ki, onlar bunun üçün səhərə qədər yatmır və bədənə çətin gələn işlər görürlər. Bunu necə başa düşmək lazımdır? Belə çıxır ki, biz də özünütərbiyə məqsədilə bəzi halalları özümüzə haram etməliyik? Ümumiyyətlə bu cür hərəkət etmək İslam dini baxımında nə dərəcədə düzgündür?
Cavab: Bizim bütün məsələlərdə nümunə götürməli olduğumuz şəxsiyyət məlumdur: Allahın elçisi, yəni, Muhəmməd peyğəmbər (s. a. v.).
Allah Təala Qurani-Kərimdə belə buyurur:
“Ey iman gətirənlər! And olsun ki, Rəsulullah (Allahın elçisi) sizin üçün, Allaha və axirət gününə qovuşmağı arzulayanlar və Allahı çox zikr edən kəslər üçün ən gözəl nümunədir”. (Əhzab, 33/21)
Peyğəmbər (s. a. v.) bir dəfə ona halal olan bir şeyi özünə haram etmiş və bu barədə aşağıdakı ayə nazil olmuşdu:
“Ey peyğəmbər! Xanımlarını raz salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə haram edirsən? Allah çox bağışlayan, çox rəhm edəndir!”. (Təhrim, 66/1)
Allah Təala möminlərə belə demişdir:
“Ey iman gətirənlər (möminlər)! Allahın sizə halal etdiyi yaxşı və təmiz şeyləri (siz özünüzə) haram etməyin və həddi aşmayın. Allah həddi aşanları sevməz”. (Maidə, 5/87)
“Ey Adəm övladları! Hər bir səcdə yerinə getdiyiniz vaxt zinətlərinizi (sizə yaraşan geyimləri) geyinin. Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz.
De ki, Allahın Öz bəndələri üçün çıxartdığı bəzəyi (yaraşan geyimi), təmiz və ləziz ruziləri kim haram etdi? De ki, bunlar dünyada əsasən möminlər üçündür. Axirət günündə isə ancaq onlar üçün olacaq. Biz ayələrimizi başa düşən bir cəmiyyətə belə izah edirik.
De ki, Rəbbim ancaq bunları haram etdi:
“İstər açıq-aşkar, istərsə də gizlincə olsun, hər növ həyasızlıq, ism ((İsm (الإثم) “günah” kimi tərcümə olunur. Zənb və cünah sözlərinə də eyni mənanı verdikdə aradakı fərq itir. Bu vaxt misal üçün, Quranda içkinin haram olduğuna dair bir hökm olmadığını deyənlər peyda olurlar. Halbuki, Bəqərə surəsinin 219-cu ayəsinə əsasən içki və qumarda bir ism var. İsm Allahın haram etdiyi şeylərdən olduğuna görə içki haramdır. Buna görə də biz bu sözü tərcümə etmədik.)) , haqsız yerə hücum etmək, Allahın haqqında bir dəlil endirmədiyi şeyi ona şərik qoşmağınızı və Allahın barəsində bilmədiyiniz şeyi deməyinizi”. (Əraf, 7/31-33)
Deməli, kimin nə iş gördüyündən çox Allahın bizdən nəyi necə istədiyi ilə maraqlanmaq lazımdır. Biz Allahın bizdən istədiklərini peyğəmbərin necə həyata keçirdiyinə baxmalıyıq. Belə şeylərlə maraqlanmalıyıq.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.