Müsəlmanlar

Masturbasiyanın hökmü

Sual: İslam dinində masturbasiya (əl vasitəsilə cinsi doyuma çatmaq) ilə məşğul olmağa necə baxılır? Bundan necə xilas olmaq olar?

Cavab: Masturbasiya ilə məşğul olmaq haram ((İslam dinində qəti surətdə qadağan olan şey və əməl.)) deyil, məkruhdur. ((İslam dinində yaxşı qəbul edilməyən, bəyənilməyən şey və əməl.)) Amma ifrata varmamaq şərti ilə. Çünki bu, orqanizmdə sağlamlıq baxımından ciddi problemlər yarada bilər. Bundan xilas olmaq üçün yerinə yetirilməli olan ilk şey evlənməkdir. Başqa sözlə, masturbasiyadan yaxa qurtarmaq üçün evlənmək lazımdır.

Lakin ölkəmizdə cavanların 19-20 yaşlarında evlənməyi də xeyli çətindir. Ona görə də evlənənə qədər vaxtınızı (Ramazan ayı xaricində də) oruclu keçirməyə çalışın. Çünki oruc tutmaq insanın nəfsini tərbiyə edir. Baxın, peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə demişdir:

“Ey cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kimin buna gücü çatmasa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”. ((Buxari, Nikah, 3; Müslim, Nikah, 1.))

Yeri gəlmişkən, Allaha dua etməyi və səbr etməyi unutmayın. Bu məsələdə qətiyyən səhlənkarlığa yol verməyin. Çünki Allahın köməyinə nail olmaq üçün bu iki şey mütləq olmalıdır: Səbr etmək və namaz qılmaq!

“Ey iman gətirənlər! Səbr və namazla Allahdan kömək diləyin. Çünki Allah həqiqətən də, səbr edənlərlə bərabərdir” (Bəqərə, 2/153).

Əgər bunları yerinə yetirsəniz, inşallah arzu etdiklərinizə qovuşarsınız.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.