Müsəlmanlar
Müsadirə olunmuş malları alıb satmaq olar?

Müsadirə olunmuş malları alıb satmaq olar?

Sual: İslam dinində məhkəmə vasitəsilə müsadirə edilmiş malları satmaq barədə nə deyilir? Bu məsələ ilə əlaqədar bir ictihad var?

Cavab: İslam hüququ alimlərinin əksəriyyəti borcluların mallarının müsadirə edilib, satılmağını düzgün (caiz) hesab edirlər. Bu formada satılan malı (bir şeyi) almaq da halaldır. Bu hökmün verilməsində ən mühüm hüquqi əsas peyğəmbərimizin (s. a. v.) Muaz ibn Cəbəlin iflas etdiyinə qərar verib, mallarına həcz qoyaraq satdırmağı və satışdan götürülən pulu alacağı olanlara paylamağıdır. ((Şövkani, Neylu-l-Əvtar, 5-ci cild, s. 275-276. Əlavə olaraq baxın: Müslim, Müsəqat, 18.))

Həzrəti Ömər də Üseyfi Əl-Cuhəni adlı bir adamın mallarına həcz qoydurub, satdırmış və əldə olunan pulları alacağı olanlara verdirmişdir. ((Səraxsi, Əl-Məbsut, 24-cü cild, s. 164.))

Peyğəmbərimiz belə demişdir:

“Ödəməyə gücü çatan bir şəxsin borcunu ödəməyib gecikdirməyi ona cəza verməyi və özünü də danlayıb, məzəmmət etməyi halal qılır”. ((Buxari, İstiqraz, 14.))

İbrahim Ən-Nəxai, İbn Sirin, Zeyd ibn Əli, Əbu Hənifə və İmam Züfər kimi alimlərin fikrincə borcu olan şəxsi həcz etmək, malına da həcz qoyub, satmaq olmaz. Çünki həcz borclunun mallarının onun razılığı olmadan satılmağı deməkdir. Malın yiyəsinin razılı olmayan əqd isə səhih deyil. Bu alimlərin fikrinə əsasən tətbiq olunmalı olan cəza borclunu borcunu ödəyənə qədər həbsdə saxlamaqdır.

Əbu Hənifə həcz yolu ilə satmağın caiz olmaması istiqamətindəki hökmünü verdiyi vaxt xüsusi olaraq: “Ey iman gətirənlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla ola bilər” ((Nisa, 4/29.)) ayəsini və: “Müsəlman bir şəxsin malı ancaq onun könlünün razılığı ilə halaldır” ((Darəqutni, III, 26.)) hədisini göstərir.

Lakin Əbu Hənifə borclunun malına həcz qoyub, məcburi icra yolu ilə satılmağını qayda kimi caiz hesab etməməklə yanaşı, bəzi hallarda borclunun malının məcburi qaydada alınıb, alacağı olana verilməsinin mümkünlüyünü də qəbul etmişdir. Belə ki, alacağın növü ilə borclunun malının növü eynidirsə, misal üçün, alınmalı olan şey qızıldırsa, borclunun da qızılı varsa, bu halda borclunun borcu məcburi surətdə ödətdirilir.

Əbu Hənifə hətta pul alacaqlıları üçün istihsanən ikinci bir həll formasını da qəbul edib. Bu qaydaya əsasən bir misal verək: Əgər borclunun qızıl borcu varsa və öz malı gümüşdürsə, hakim onun gümüşlərini satıb (satdırıb), qızıl alır (aldırır) və həmin qızılı alacaqlıya verir (verdirir). ((Fahrettin Atar, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, “Haciz” bəndi, 14-cü cild, s. 518-519.))

Həcz qoyulan malın satışının caiz olmağı o deməkdir ki, həmin malı almaq da olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.