Müsəlmanlar

Həzrəti Əbu Bəkr və Ömər Rəcəb ayında oruc tutanları məzəmmət ediblər?

Sual: Bir dəfə bir məclisdə idim. Orada bir din xadimi İbn Teymiyyənin üç ay kimi məlum olan aylarda oruc tutmaqla əlaqədar bir fitvasından danışdı. Dediyinə görə İbn Teymiyyə xəlifə Ömər və xəlifə Əbu Bəkrin xüsusilə Rəcəb ayında oruc tutmaqla əlaqədar qatı mövqe tutduqlarını deyib. Əgər mümkündürsə, İbn Teymiyyənin həmin fitvasını bizə izah edərsiniz?

İbn Teymiyyənin fitvaları Məcmu-u-Fətava adlı əsərində qeyd edilib. Həmin kitabda bu məsələyə dair fitva aşağıdakı kimi verilir:

“İbn Teymiyyədən soruşdular ki, üç ayda tutulan orucun savabı barədə deyilən şeylər haqqında nə deyirsən? O, bu suala belə cavab verdi”:

“Rəcəb və Şaban aylarında oruc tutmaq və yaxud etikafa çəkilmək barədə peyğəmbərdən, eləcə də əshabələrdən və böyük islam alimlərindən hər hansı bir şey rəvayət olunmayıb. Lakin peyğəmbərimiz Şaban ayında oruc tutub. Bu, səhihdir. Rəsulullah Ramazan ayına görə Şaban ayında o biri aylarda tutmadığı qədər oruc tuturdu.

İndi isə Rəcəb ayının orucu məsələsinə gələk. Ancaq bu ayda tutulmalı olan oruc haqqında rəvayət olunan bütün hədislər zəif, hətta mövzudur (uydurma). Elm əhli bu barədə varid olan şeylərə etibar etməz, etmir. Üstəlik də bu kimi şeylər fəzilətlərlə əlaqədar olaraq nəql olunan zəif hədislərdən belə, deyil! Çünki bunların əksəriyyəti qondarma və uydurmadır, başqa sözlə, yalandır. Rəcəb ayı haqqında ən çox bu söz rəvayət olunur və deyilir ki, peyğəmbər Rəcəb ayı gəldiyi vaxt belə dua edirdi:

“Ey Allahım! Rəcəb və Şaban aylarını bizim üçün mübarək et və bizi Ramazan ayına çatdır”.

İbn Macə Sünən əsərində Abdulla ibn Abbasdan peyğəmbərin Rəcəb ayında oruc tutulmağını qadağan etdiyinə dair bir hədis rəvayət edib. Bu hədisin istinadgahı barədə bəzi fərqli fikirlər olsa da, xəlifə Ömərin bu ayda oruc tutanları yemək yeməyə məcbur etməsi və: “Bu ayı Ramazan ayına oxşatmayın”, – deyə, xəbərdarlıq etməsi məsələləri səhihdir.

Əlavə olaraq qeyd edilməlidir ki, bir dəfə xəlifə Əbu Bəkrin ailə üzvləri təzə su qabları almış və oruc tutmaq üçün hazırlıq görmüşdülər. Əbu Bəkr bu hazırlıqların hansı məqsədlə edildiyini soruşduqda ailə üzvləri dedilər ki, bəs Rəcəb ayı gəlir axı, onun üçün hazırlıq görürük. Bunun üstündən Əbu Bəkr: “Bu ayı Ramazana oxşatmayın”, – dedi və həmin qabları sındırdı. Lakin Əbu Bəkr öz ailə üzvlərinə Rəcəb ayında oruc tutmağa icazə verməsə də, oruc tutanlara bir şey deməyib.

Əhməd ibn Hənbəlin Müsnəd adlı əsərində və bəzi mənbələrdə qeyd olunur ki, peyğəmbərimiz bir əshabəyə haram aylarda oruc tutmağı tövsiyə edib. Yəni, bununla əlaqədar bir hədis rəvayət edilir. Həmin haram aylar Rəcəb ayı da daxil olmaqla, Zilqədə, Zilhiccə və Muhərrəm aylarıdır. Buradan belə çıxır ki, bu 4 ayda oruc tutmaq olar, amma həmin oruc sadəcə olaraq Rəcəb ayına məxsus deyil. Bu məsələ bu cür bilinməlidir”. ((İbn Teymiyyə, Məcmu-u-Fətava, Cəm və tərtib Abdurrahman ibn Qasım və oğlu Muhəmməd, Riyad, hicri 1398, miladi 1978-ci il, 25-ci cild, s. 290-291.))